Press "Enter" to skip to content

Moskvanın çirkin oyunları və ya Qarabağda antiterror əməliyyatı

Azər Həsrət

BAYRAQDAR MEDİA – Dekabrın 3-də Azərbaycan rəsmilərinin ekoloji və təbii sərvətlərin istismarı məsələləri ilə bağlı Qarabağın Xocalı şəhərinə səfəri haqqında xəbər vermişdik. Azərbaycan özünün suveren ərazisində hərəkət etdiyi halda, dünya erməniləri ayağa qalxıb şivən qoparmışdılar. Onların iddiasına görə, Azərbaycan Qarabağ ermənilərini mühasirəyə alıb soyqırım etmək istəyirmiş. Halbuki Xocalıya gedən Azərbaycan rəsmiləri mülki geyimdə, silahsız idilər. Təbii ki, heç bir hərbi məqsədləri də yox idi.

Azərbaycan rəsmiləri Xocalıda olub, sülhməramlılarla müzakirə aparıb

Ermənilər dünyaya hay salmışkən, paralel şəkildə Qarabağdakı qanunsuz silahlı birləşmələri də hərəkətə keçibmiş. Günün sonuna doğru Müdafiə Nazirliyinin yaydığı məlumata görə, həmin gün “saat 16.30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi atıcı silahlardan atəşə tutulub”.

Təbii ki, cavab tədbirləri görülüb, üstümüzə silah çəkməyə cəsarət edənlər susdurulub.

Dekabrın 3-də baş verən gəlişmələr bir məsələyə də aydınlıq gətirdi. Bəlli oldu ki, Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları Azərbaycan yer adlarını heç də təhrif etmirmiş. Bunu onların komandanı Andrey Volkov Azərbaycan mediasına verdiyi açıqlamada bildirib. O, açıq şəkildə deyib ki, yer adlarını məhz Azərbaycanın təqdim etdiyi kimi yazaraq Moskvaya göndərirlər. Rusiya Müdafiə Nazirliyində oturanlar isə bu adları təhrif edir, ermənicə yazırmış…

Məsələ belədir. Biz illərdir nə deyirdik? Demirdikmi ki, bütün bəlaların başı Moskvadır? Deyirdik və yenə də bu fikrimizdəyik. Moskva, başda Rusiya Prezidenti Vladimir Putin olmaqla bütün bu çirkin oyunları tərtibləyir, oynayır və iki xalq arasında münasibətlərin normallaşmasına hər cür əngəl törədir!

Çıxış yolu nədir? Çıxış yolu hər şeydən öncə ermənilərin ağla gəlib bu durumun fərqinə varmasındadır. Məhz onlar rusların bu üçbaşlı oyununa alət olmaqdan imtina edəcəyi təqdirdə iki xalq arasındakı bütün umu-küsü dinc yolla və çox tez çözüləcək. Təbii ki, nəticə də həm Ermənistanın, həm də Qarabağda yaşayan erməni vətəndaşlarımızın xeyrinə olacaq.

İndi isə keçək Rusiya MN-in bu əməlinə veriləcək reaksiyaya. Azərbaycan MN ilə bərabər son vaxtlar Xarici İşlər Nazirliyi də Qarabağda yer adlarının təhrif edilməsinə reaksiya verir. Yaxşıdır. Amma azdır. Daha çoxunu etmək lazımdır.

Bir öncəki yazımızda da yazdığımız kimi, biz də Rusiya yer adlarının Azərbaycan dilində ifadəsi məsələsinə baxmalıyıq. Bu, öz yerində.

Sülhməramlıları deyil, Rusiyanı cəzalandırmaq lazımdır…

Əlavə olaraq da Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiya MN-ə və Rusiya XİN-ə şəxsən baş çəkib açıq söhbət etməlidir. Yəni biz sadəcə MN-in və ya XİN-in bəyanatlarıyla yetinməməliyik. Rusiya böyük və güclü (hərçənd Ukrayna bataqlığında sürünməsinə baxılırsa, bu da şübhəlidir) dövlət ola bilər, amma bizə hörmətsizliyinə dözmək kimi bir acizliyimizin olmadığını da hər addımda hiss etməlidir. Bunu Rusiyaya hiss etdirməliyik!

Qarabağda hələ də qalan qanunsuz erməni silahlılarına gəlincə, artıq sülhməramlılara və Rusiyaya anladılmalıdır ki, buna son verilməlidir. Verilməyəcəyi təqdirdə Azərbaycan antiterror əməliyyatına başlamaq məcburiyyətində qalacaq. Ya rus sülhməramlılar 10 noyabr 2020-ci ilin üçtərəfli bəyanatına uyğun şəkildə erməniləri silahsızlaşdırmalıdır, ya da Azərbaycan özü o bəyanatın o tələbini yerinə yetirməli olacaq. Necə ki, BMT-nin işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması üçün qəbul etdiyi 4 qətnaməsini o qurumun özü deyil, məhz Azərbaycan silahlı qüvvələri icra etməli oldu…

Mission News Theme by Compete Themes.