Son yeniləmə: 2 Dekabr 2022 10:38
Ceyhun Bayramov: Ermənistanın işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir
BAYRAQDAR MEDİA – “İşğaldan azad edilmiş ərazilərin Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minalarla çirkləndirilməsi yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına əsas maneədir. Təəssüf ki, 2020-ci ilin noyabrında üçtərəfli bəyanatın imzalanmasından sonra 268 nəfər mina qurbanı olub. 35-i mülki şəxs olmaqla 45 nəfər həlak olub”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov dekabrın 1-də Polşanın Lodz şəhərində ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasındakı çıxışı zamanı deyib.
XİN-dən BAYRAQDAR MEDİA-ya dekbarln 2-də verilən məlumata görə, nazir bildirib ki, Ermənistanın işğaldan azad edilmiş bütün ərazilərin tam və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməməsi yeni ölüm və xəsarətlər gətirir: “Mina hadisələrinin təxminən 55%-i Ermənistanın minalanmış sahəyə dair məlumatların təqdim edilmədiyi ərazilərdə baş verib. Bunun əksinə, Ermənistan Azərbaycan ərazilərində heç bir fərq qoymadan minaları basdırmağa davam edir. Bu yaxınlarda Azərbaycan ərazisində 350 mina aşkar edilib. Onların hamısı 2021-ci ildə Ermənistanda istehsal olunub”.
Vurğulanıb ki, Rusiya sülhməramlı qüvvələrinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər bu əraziyə gələrək sözügedən mina sahəsinə baxış keçiriblər: “Ümumilikdə, Azərbaycanın suveren ərazilərində 2021-ci il Ermənistan istehsalı olan 2 min 728 mina aşkar edilib. Bu minalar Laçın yolu ilə keçirilmişdir. Bu, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş bu yoldan kobud sui-istifadədir”.