Press "Enter" to skip to content

Prezidentin təmsilçisi etnik icma rəhbərləri ilə görüşüb

Görüşdən görüntü

BAYRAQDAR MEDİA – Dekabrın 2-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva ölkədə yaşayan etnik icmaların rəhbərləri ilə görüşüb.

Xəbəri BAYRAQDAR MEDİA-ya sözügedən Mərkəzdən veriblər.

Xəbərdə deyilir ki, görüşdə Bakı Dağ Yəhudiləri Dini İcması, Samur Ləzgi Mədəniyyət Mərkəzi, Avropa Yəhudiləri Dini İcması, Azərbaycan-Avar İctimai Birliyi, Alban-Udi Xristian Dini İcması, Azəri Tat Mədəniyyət Mərkəzi, Talış İcması, Azərbaycanda Yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyi, Gürcü Yəhudiləri Dini İcması, Kürd İcması, “Buduq” Xeyriyyə Cəmiyyəti, Azərbaycan Ukrayna Konqresi İctimai Birliyi, Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbərləri, eləcə də talış dilindəki “Dodo” və Azərbaycan, rus, ləzgi dillərində nəşr olunan “Samur” qəzetinin baş redaktorları da iştirak edib.

Görüş iştirakçıları
Görüş iştirakçıları

BBMM-in icraçı direktoru Rəvan Həsənov açılış nitqində bildirib ki, Azərbaycanda bütün xalqların nümayəndələrinə dövlət səviyyəsində eyni şərait yaradılıb: “O, bildirdi ki, Mərkəz öz fəaliyyətini hər zaman azsaylı xalqların nümayəndələri ilə əlaqəli şəkildə qurur. Ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif xalqların həyatı, mədəniyyəti və adət-ənənələrinin işıqlandırılması xüsusi layihələrlə, eləcə də nəşrlərlə həyata keçirilir”.

F.Əliyeva da çıxışında Azərbaycan multikulturalizm modelinin üstünlüklərini qeyd edib, ölkədə bütün xalqların sülh və dostluq şəraitində yaşamasından danışıb: “O, 44 günlük Vətən müharibəsi dövründə milli həmrəyliyin qalib gəlməsi məsələsinə xüsusi olaraq toxundu”.

“Daha sonra çıxış edən BBMM Himayəçilər Şurasının sədri Kamal Abdulla yarandığı gündən etibarən Mərkəzin dövlətin multikulturalizm siyasətinə uyğun olaraq, aktiv şəkildə fəaliyyət göstərdiyini bildirdi. O, qeyd etdi ki, düşmən qüvvələr ölkəmizdəki sabitliyin pozulmasına çalışsalar da buna nail ola bilmirlər və bilməyəcəklər”, – deyə xəbərdə bildirilir.

Görüş iştirakçıları
Görüş iştirakçıları

Xəbərdə o da bildirilir ki, “çıxışlardan sonra görüşdə iştirak edən bütün etnik icma nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bölüşdülər. Onlar Azərbaycanı Vətənləri kimi sevdiklərini, öz fəaliyyətlərini ölkəmizin uğurlu gələcəyi və inkişafı istiqamətində qurduqlarını bəyan etdilər. 44 günlük Vətən müharibəsi dövründə də, bu gün də milli birlik nümayiş etdirdiklərini vurğulayan iştirakçılar, Azərbaycandakı multikultural mühitdən, dövlətin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərindən də söz açdılar. Tədbir iştirakçıları Mərkəzin fəaliyyətini, eləcə də qurumun etnik icmalarla əlaqələrini də yüksək qiymətləndirdiklərini bildirdilər”.

Görüşün sonunda icma rəhbərləri təkliflərini də F.Əliyevanın diqqətinə çatdırıblar.

Mission News Theme by Compete Themes.