BAYRAQDAR MEDİA – Dekabrın 2-də Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birlikdə Şəki-Oğuz bölgəsinə səfər edib.
Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.
Prezident səfər çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidənqurmadan sonra açılışında iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.
Daha sonra İ.Əliyev, M.Əliyeva və L.Əliyeva Şəkinin Orta Zəyzid kəndində “Green Factory” MMC-nin quru meyvə istehsalı müəssisəsində yaradılan şəraitlə tanış olub. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov müəssisənin fəaliyyəti barədə onları məlumatlandırıb.
Bunun ardınca da onlar Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə tanış olublar.
Daha sonra Heydər Əliyev Fondunun Şəki Xan məscidi – qəbiristanlıq kompleksində apardığı bərpa işləri ilə tanışlıq olub.
Yüksək qonaqların növbəti tanışlığı Şəkidəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə bağlı olub.
Şəkinin ardından ölkə başçısı qonşu Oğuz rayonuna yollanıb. O, burada öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
İ.Əliyev Oğuzda Daşağıl çayı üzərində “Oğuz-1”, “Oğuz-2” və “Oğuz-3” kiçik su elektrik stansiyaları silsiləsinin açılışında iştirak edib.
Prezident Oğuz şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Sonra İ.Əliyev Oğuz rayonunda “Aqroinkişaf 2017” MMC-nin “Şəki-Oğuz” Aqroparkında yaradılan şəraitlə tanış olub. Prezident burada Aqroparkın torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi üzrə görülmüş işlər haqqında məlumatlandırılıb. O, suvarma suyu qurğularını işə salıb.
Aqroparkın qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlinin qoyulmasında da Prezident şəxsən iştirak edib.