Son yeniləmə: 2 Dekabr 2022 18:41
Dr. İçim Çağıner Kavuklu: Çünki biz buradan köç edən babaların nəvələriyik
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) faəliyyət göstərən Kıbrıs Türk Girişimçi Qadınlar Dərnəyinin (GİKAD) başqanı Dr. İçim Çağıner Kavuklunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub.
Səfərdə məqsəd noyabrın 23-də Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə keçirilən, Qlobal Sahibkarlıq Həftəsinə həsr edilmiş “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forumda iştirak etmək olub.
Səfər çərçivəsində BAYRAQDAR MEDİA-ya özəl müsahibə verən Dr. İçim Çağıner Kavuklu bir sıra maraqlı məqamlara toxunub.
Həmin məqamlara keçməzdən öncə bildirək ki, Dr. İçim Çağıner Kavuklu 1971-cı ildə Kıbrısda, Limasolda anadan olub. 1974-cü il Kıbrıs Barış Hərəkatından sonra ailəsi ilə birlikdə Girne şəhərinə köçüb. İbtidai təhsilini Girnedə, orta və lisey təhsilini isə Lefkoşa Türk Maarif Kollecində alıb.
1989-cu ildə Türkiyədə Hacettepe Universitetinin Diş həkimliyi fakultəsinə daxil olub və 1994-cü ildə oranı birinciliklə tamamlayıb. Həmin il eyni universitetdə doktorluq dərəcəsi üçün təhsilə başlayıb.
1999-cu ildə doktor ali dərəcəsi alaraq KKTC-yə dönüb və 2020-ci ilə qədər özəl müayinəxanasında ortodont kimi fəaliyyət göstərib.
2000-ci ildə “Akgünlər Denizcilik” şirkətinin yaradılmasında iştirak edib, daha sonra şirkətin direktoru vəzifəsinə təyin edilib və indi də bu vəzifəni davam etdirir. 2015-ci ildə yaradılan Final Beynəlxalq Universitetinin Qəyyumlar Şurasının üzvüdür. 2018-ci ildə anasının xatirəsinə Tangül Çağıner Uşaqlara Yardım Fondunu yaradıb və onun prezidentidir. Ailəli və üç uşaq anasıdır.
Ersin Tatar KKTC üçün böyük bir şansdır
Beləliklə, rəhbərlik etdiyi qurum haqqında sualı cavablandıran müsahibimiz öncə, “bütün dünyada qadın sahibkar olmaq çox asan deyildir. Lakin sayın Ersin Tatarın Cümhurbaşqanı seçilməsindən sonra KKTC-də qadınlara bütün sahələrdə imkanlar yaradılıb. Sayın Ersin Tatar bizim üçün böyük bir şansdır. E.Tatarın xanımı Sibel Tatar da bizim dərnəyin fəxri üzvüdür. KKTC qadınını çox gözəl təmsil edir. Bu da bizim üçün çox böyük üstünlükdür. Onun da dəstəyi ilə irəliyə addımlayırıq” dedi.
“KKTC qadınlarının uğur əldə etməsinə dəstək üçün yola çıxmışıq”
Konkret olaraq təşkilata gəlincə, qeyd edildi ki, GİKAD KKTC-dəki qadınların iqtisadiyyat, sənət, siyasət, idman, elm sahəsində sadəcə sıradan bir iştirakçısı kimi fəaliyyət göstərməsi deyil, onların sahibkar, lider kimi formalaşmasına yardım etmək üçün yaradılıb.
O, Dərnəyin yaradılmasından qısa müddət sonra təhsil akademiyası və marketinq məqsədilə kooperativ qurduğunu bildirdi: “Biz təkcə üzvümüz olanların deyil, ümumilkdə KKTC qadınlarının uğur əldə etməsinə dəstək üçün yola çıxmış bir dərnəyik. Dərnəyin yaranmasından cəmi il yarım keçməsinə rəğmən həyata keçirdiyimiz layihələr və göstərdiyimiz fəaliyyətlər öz bəhrəsini verir. Bu baxımdan çox sevindirici haldır ki, AQSİA-nın diqqətini çəkdik”.
Müsahibimiz dedi ki, AQSİA da GİKAD kimi çox fəal, işgüzar sahibkar qadınlardan ibarət bir dərnəkdir: “Onlar avqustda KKTC-yə – bizi ziyarətə gəldilər. Bu ziyarət çox məhsuldar oldu. Bir sıra görüşlər keçirildi. Cümhurbaşqanımız başda olmaqla Baş nazir və bir sıra nazirlərlə görüşlər oldu. Əməkdaşlıq əlaqələri quruldu. Əlaqələrimiz davam etdi və Türkiyədən Türkiyə Qadın Girişimçiler Dərnəyi (KAGİDER) də bu əməkdaşlıq formatına daxil oldu. Eyni zamanda biz hamımız “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Foruma dəvət aldıq. Bu dəvətdən çox məmnun olduq. Çünki bu dəvət bizə həm daha çox güclü qadınları tanımaq fürsəti, həm də KKTC-ni tanıtmağımız üçün bir imkan yaratdı”.
Biz türk olaraq böyük bir milli mücadilənin nəticəsində var ola bildik
Qeyd edək ki, Forumda Dr. İçim Çağıner Kavuklu “Qadınların dövlət qurumlarında, özəl sektorda və qeyri-hökumət təşkilatlarında rolunun gücləndirilməsinin uğurlu nümunələri” adlı paneldə çıxış da edib. O, çıxışında Kıbrıs adası və Kıbrıs türk toplumu haqqında ətraflı məlumat verib.
Dünyada diplomatik olaraq yalnız Türkiyənin tanıdığı KKTC-nin siyasi embarqolar altında olduğuna diqqət çəkən Kavuklu, buna baxmayaraq ölkədə çoxlu 5 ulduzlu otel və universitetlərin olduğunu, bir çox beynəlxalq əlaqələr, tədbir və simpoziumların keçirildiyini qeyd edib.
Dərnək rəhbəri çıxışında Kıbrıs türklərinin illərdir Kıbrıs adasında var olmaq üçün mübarizə apardığına diqqət çəkərək, “Qarabağda yaşanan müharibənin və ağrının nə demək olduğunu yaxşı bilirik. Sizin dərdinizi bölüşürük. Çünki biz türk olaraq böyük bir milli mücadilənin nəticəsində var ola bildik. Hələ də mübarizəmiz davam edir. Orada türk olaraq qala bilmək, yaşamaq heç də asan deyildi” deyib.
KKTC türk dövlətlərinin Afrikaya və Orta Doğuya çıxışında kilid nöqtədədir
“Mən çıxışımda qeyd etdim ki, KKTC geosiyasi olaraq çox önəmli bir nöqətdədir. KKTC türk dövlətlərinin Afrikaya və Orta Doğuya çıxışında kilid nöqtədədir, Doğu Akdenizdəki güclü bir qaladır. KKTC türk dövlətlərinin də ən Güneyindəki olmazsa-olmaz bir nöqtədə yerləşir. Biz Türk Dövlətləri Təşkilatında müşahidəçi olduq. Bunu haqq edirdik. Çünki KKTC türklük üçün çox mücadilə etdi. Bu toplumun qadını da çox mübarizə apardı. Kişilərlə çiyin-çiyinə mübarizə apardı”, – deyə müsahibimiz əlavə etdi.
Bir bayraq altında toplanıb güclənək ki, bütün dünyada da söz haqqımız olsun
O, qeyd etdi ki, “hazırda KKTC-nin 300 milyonluq əhalini əhatə edən bir təşkilatda olması həm dövlət olaraq, həm də QHT-lər olaraq qarşıya böyük vəzifələr qoyur. Bu üzvlüyümüzü silsilə layihələrlə iqtisadi inkişafa çevirməmiz lazımdır. Biz bunun üçün qadınlar olaraq hazırıq. Hədəfimiz güclü türklər olaraq dünyaya inteqrasiya etməkdir. Bir bayraq altında toplanıb güclənək ki, bütün dünyada da söz haqqımız olsun”.
Buradan KKTC-yə ideya və yeni əməkdaşlıq baxımından əlidolu gedirik
Müsahibə zamanı Dr. İçim Çağıner Kavuklu eyni zamanda GİKAD-a göstərdiyi diqqətə görə AQSİA-ya, qurumun rəhbəri Səkinə Babayevaya və KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganerə təşəkkür etdi: “Bizi çox qonaqpərvərliklə qarşıladılar. Burada özümüzü vətənimizdəki kimi hiss etdik. Çünki biz buradan köç edən babaların nəvələriyik. Milli birliyimiz var. Dil, din, mədəniyyət birliyimiz var. Bura bizim üçün çox dəyərli bir yerdir. Hər halda, bu, Bakıya son gəlişim olmayacaq”.
Gələcək əməkdaşlıq perspektivlərinə gəlincə, müsahibimiz aşağıdakıları söylədi: “Bir sıra sahələrdə əməkdaşlıq qurulacaq. İmkanlar genişdir. Məsələn, turizm imkanlarımız genişdir. Universitet imkanlarımız var. KKTC-dən Azərbaycana süd məhsulları ixrac etmək imkanlarımız var. Burada inşaatla məşğul olan firmalar var. Onlardan material ala bilmək üçün əməkdaşlıq qurula bilər. Türkiyədən KAGİDER-in də burda olması imkanları daha da artırır. Üç ayrı dövlət – bir millət olaraq gözəl əməkdaşlıq qura bilərik. Bir sözlə, buradan ölkəmizə ideya və yeni əməkdaşlıq baxımından əlidolu gedirik”.