BAYRAQDAR MEDİA – Xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
XİN-dən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, ATƏT çərçivəsində mövcud problemlər, habelə regionda baş verən ən son proseslər müzakirə edilib: “Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, danışıqlar prosesi və iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə hal-hazırkı vəziyyət, ərazilərin minalardan təmizlənməsi kimi məsələlər barədə tərəf müqabilini məlumatlandırıb”.
Məlumata əsasən, Ermənistan tərəfinin danışıqlar prosesinə törətdiyi maneələr, öhdəlikləri kobud şəkildə pozması, eləcə də törətdiyi mina təxribatları diqqətə çatdırılıb: “Mina təhdidinin aradan qaldırılması və bir sıra digər istiqamətlərdə ATƏT tərəfindən layihələrə dəstək verilməsinin zəruriliyi vurğulanıb”.
Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.