Press "Enter" to skip to content

ATƏT PA prezidenti bölgədəki mövcud vəziyyətlə bağlı məlumatlandırılıb

Ceyhun Bayramov və Marqarita Sederfelt

BAYRAQDAR MEDİA – Dekabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov ATƏT Parlament Assambleyasının (PA) prezidenti Marqarita Sederfelt ilə görüşüb.

Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində keçirilən görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT PA gündəliyində duran məsələlər, habelə regionda baş verən ən son proseslər, ATƏT PA-nın Azərbaycan-Ermənistan normallaşma prosesinə mümkün töhfələri ətrafında fikir mübadiləsi aparılıb.

XİN-dən verilən məlumata görə, nazir C.Bayramov ATƏT PA prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib: “O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib”.

M.Sederfelt ATƏT PA-nın Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib, həmçinin regionda sülh və təhlükəsizliyin təmin olunmasının vacibliyini vurğulayıb. O, bu xüsusda ATƏT PA-nın sülh prosesini dəstəkləmək üçün parlamentlərarası dialoqu təşviq etməyə hazır olduğunu ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.