Press "Enter" to skip to content

Uşaq inkişaf mütəxəssisləri üçün maarifləndirmə tədbiri

İştirakçılara sertifikatlar təqdim olunub

Son yeniləmə: 1 Dekabr 2022 12:28

BAYRAQDAR MEDİA – “İnklüziv Cəmiyyət Naminə” Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi tərəfindən icra edilən “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyasına dəstək” layihəsi üzrə yekun maarifləndirmə tədbiri keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən bildirilib.

Qeyd edilik ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşıb.

Məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində fəaliyyət göstərən “Kompas” Uşaq İnkişaf və Tədris Mərkəzində təşkil edilmiş həmin tədbir “Sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların reabilitasiyası və inklüziyasında mütəxəssislərin rolu” mövzusuna həsr olunub: “Birliyin sədri, layihə rəhbəri Ramilə Mahmudova sosial əhəmiyyətli layihənin icrasına maliyyə yardımı ayırdığına görə bir daha Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, göstərdikləri mənəvi dəstəyə görə isə Abşeron Rayon İcra Hakimiyyətinə və Abşeron-Xızı Regional Təhsil İdarəsinə benefisiarlar adından təşəkkürünü bildirib. Daha sonra tədbirə təlimçi olaraq dəvət olunmuş qardaş Türkiyədə uşaq inkişaf mütəxəssisi kimi fəaliyyət göstərən peşəkar korreksiyaedici pedaqoq – loqoped Şəfəq Məmmədova və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Pedaqogika-psixologiya fənn birləşmə komissiyasının müəllimi, psixoloq-loqoped Ləman Rəfiyeva tərəfindən xüsusi ehtiyaclı uşaqların diaqnostikası, psixoloji-pedaqoji korreksiyası və sosial inklüziyası məsələlərinə həsr olunmuş təqdimatlar edilib”.


Müzakirələr zamanı böyük minnətdarlıq hissi ilə qeyd olunub ki, bu qəbildən olan uşaqların sosial-hüquqi müdafiəsi, psixoloji-pedaqoji və sosial reabilitasiyası məsələlərinin həlli daim ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Qeyd edilib ki, tədbirdə iştirak edən mütəxəssislər “Kompas” Uşaq İnkişaf və Tədris Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olaraq həyata keçirilən layihəyə çərçivəsində göstərilən xidmət səviyyəsini yüksək qiymətləndiriblər: “Bununla belə uşaqların asudə vaxtlarının səmərəli təşkili, o cümlədən digər həmyaşıdları ilə ünsiyyətdə olaraq açıq havada gəzməsi, birlikdə qaçıb oynaması, təmiz hava alması, müntəzəm şəkildə idmanla məşğul olması üçün ərazidə yaşıllıq zonasının, təhlükəsiz oyun və idman meydançasının yaradılmasına böyük ehtiyac olduğu vurğulanıb və səmərəli təkliflər irəli sürülüb. Birliyin sədri tərəfindən qeyd olunan məsələnin həlli ilə bağlı yaxın günlərdə yerli icra hakimiyyətinə və bələdiyyəyə müraciət ediləcəyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb və hər zaman olduğu kimi mənəvi dəstək göstəriləcəyinə əminlik ifadə olunub”.

Sonda iştirakçılara tədbirdə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.

Mission News Theme by Compete Themes.