Son yeniləmə: 1 Dekabr 2022 15:56
Yeganə Hacıyeva: Emmanuel Makron Vladimir Putinin Avropadakı emissarıdır
BAYRAQDAR MEDİA – “Öncə onu deyim ki, Ermənistanla Azərbaycan arasında əbədi sülhün imzalanmasına gedən yolda Fransanın “canfəşanlığı”na heç bir ehtiyac yoxdur. BAYARQDAR MEDİA-ya ötən açıqlamamda da qeyd etdiyim kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi prinsipini pozan qərəzli və ədalətsiz qətnamə qəbul etməklə bir daha beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar etinasızlıq nümayiş etdirən Fransadan beynəlxalq vasitəçi çixmaz və bu ölkə ümumiyyətlə prosesdən kənarlaşdırılmalıdır”.
Bunu politoloq Yeganə Hacıyeva Fransanın son davranışlarına, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşü pozmasına, o cümlədən Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirərkən deyb.
Politoloq bildirib ki, ümumiyyətlə Fransanın prosesdə iştirakı faydalı deyil, zərərlidir: “Məsələ ondadır ki, Fransa obyektiv tərəfdaş deyil. Çünki tamamilə ermənipərəst mövqe sərgiləyən, beynəlxalq hüququn deyil, işğalçının yanında olan, dövlət siyasətini erməni lobbisinin maraqlarına qurban verən E.Makronun bu danışıqlarda iştirak üçün heç bir haqqı çatmır. E.Makronun bir müddət öncə verdiyi müsahibədə dilə gətirdiyi əsassız fikirlər və hədyanlar da bu şəxsin həmin danışıqlarda iştirakını qeyri-mümkün edir”.
Qeyd edilib ki, bundan öncə Fransa Senatının atdığı ermənipərəst addımı təkrarlayan Fransa Milli Assambleyası isə bu dövlətin hansı zavallı durumda olduğunu bir daha ortaya qoydu: “Əgər Fransadakı siyasətçilər, Senat və Milli Assambleya Ermənistanın Azərbaycan ərazilərini 30 il işğal altında saxlamasını, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozmasını, çoxsaylı müharibə cinayətləri törətməsini, regionu viran qoymasını görməzdən gəlirsə, deməli, bu ölkə regionda sülhə deyil, müharibəyə dəstək verir. Fransanın mövcud tutumu nə olursa-olsun, məqsəd Ermənistanı yenidən müharibəyə cəlb etmək, Qafqazı müharibə ocağına çevirməkdir”.
Y.Hacıyeva bir vacib məqama da toxunub: “Fransanın bu “canfəşanlığında” Rusiya təsiri də öz rolunu oynayır. Çünki Fransadan səslənən Ermənistana dəstəklə bağlı fikirlər, həmçinin Avropaya Azərbaycandan qaz alınmaması ilə bağlı, Azərbaycanla enerji sazişlərnə son qoyulmasına dair çağırışlar birbaşa Rusiyanın maraqlarına xidmət edir. Fransa Senatının qəbul etdiyi və Milli Assambleyanın da dəstəklədiyi sanksiya paketindəki üç bənddən ibarət təkliflərin ikisi birbaşa Rusiyanın xeyrinədir. Əslində, E.Makronun AB-nin vasitəçilik addımlarına qarşı çıxması, Brüssel danışıqlarını pozması da Rusiyanın xeyrinədir. Bir sözlə, özü heç nə etmək istəməyən Rusiya Fransanın vasitəsi ilə AB-nin vasitəçilik missiyasını pozur. Fransa bunu bacısı Ermənistanla birlikdə etdiyi görüntüsü yaratsa da, əslində, sifarişçi Rusiyadır. E.Makron Vladimir Putinin Avropadakı emissarıdır”.