Press "Enter" to skip to content

Fransa qanunverici orqanları siyasi avantüra meydanıdır

Milli Məclis

Son yeniləmə: 1 Dekabr 2022 13:32

Milli Məclis: Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk

BAYRAQDAR MEDİA – “Fransa Senatının 2022-si il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir. Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir. Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk”.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu fikirlər Milli Məclisin Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı 2022-ci il 1 dekabr tarixli açıqlamasında yer alıb.

Açıqlamada qeyd edilir ki, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir: “Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir”.

“Danılmaz faktdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın işğalı dövründə münaqişənin dinc yolla nizama salınması üçün göstərilən səylərin nəticə verməməsinin əsas səbəbi təcavüzkar dövlətin öz adı ilə çağırılmaması, vasitəçilik vəzifəsini öhdəsinə götürən dövlətlər, xüsusən Fransa tərəfindən ikili standartlara yol verilməsi, işğalçı dövlətlə işğala məruz qalan dövlətin bir tutulması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməməsi, beynəlxalq qaydalara meydan oxuyan Ermənistan dövlətinə münasibətdə lazımi qətiyyətin göstərilməməsi, bir sıra hallarda isə onun açıq-aşkar şirnikləndirilməsi olmuşdur. Təəssüflə qeyd edilməlidir ki, bu gün Fransanın hakimiyyət orqanlarının, o cümlədən parlamentin hər iki palatasının təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçməsinə, münasibətlərin normallaşmasına zərbə vurur, qonşu dövlətlərə qarşı ərazi iddiaları üzərində qurulan erməni şovinist ideologiyasının məqsədlərinə xidmət edir, revanşist və aqressiv separatçı qüvvələri həvəsləndirir, regionu yeni təhlükələrə yönləndirir. Populist siyasi baxışlar əsasında Fransanın daxili siyasi gündəliyi və müxtəlif lobbi dairələrinin maraqlarının Cənubi Qafqaz regionuna daşınması qəbulediməzdir.

“Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir.

“Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir.

“Fransa hələ də dekolonizasiya kateqoriyasına aid edilən bir sıra əraziləri qanuni sahiblərinə qaytarmır və neokolonializm siyasəti əsasında həmin ərazilərin anneksiyası xəttini yürüdür. Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı artıq danılmaz bir faktdır. Fransa siyasətçiləri unutmamalıdırlar ki, müstəmləkəçilik insanlıq əleyhinə cinayətdir.

“Azərbaycan Respublikası müstəqil dövlət olaraq, bütün ölkələrlə münasibətləri bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında inkişaf etdirir. Hər kəs anlamalıdır ki, 2020-ci ilin payızında xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər Azərbaycan Respublikasının ərazi bütövlüyünün və haqq-ədalətin bərpasını təmin etmişdir. Əzəli tarixi torpaqları olan Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etməklə Azərbaycan dövləti BMT-nin və digər beynəlxalq təşkilatların qərarlarının icrasını öz gücü ilə təmin etmişdir. Beləliklə, Ermənistanın Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmişdir.

“Bununla əlaqədar olaraq, Fransa parlamentinin üzvləri Cənubi Qafqazda baş verən hadisələrin təhrif edilməsi praktikasından əl çəkməli, Azərbaycanla Ermənistan arasında sivil dövlətlərarası münasibətlərin qurulması üçün yaranmış tarixi imkanın qarşısını ala bilən ritorikaya və hərəkətlərə son qoymalıdırlar. Fransa Milli Assambleyasının Fransanın müstəmləkəçilik tarixinə ədalətlə yenidən baxması və ona düzgün siyasi-hüquqi qiymət verməsi, Fransada tüğyan edən irqçilik, islamofobiya və antisemitizm hallarının qarşısını almaq üçün üzərinə düşən öhdəliklərini yerinə yetirməsi və sadə Fransa vətəndaşlarının problemlərini dinləməsi daha faydalı və səmərəli olardı”, – deyə açıqlamada daha sonra bildirilir.

Mission News Theme by Compete Themes.