Son yeniləmə: 1 Dekabr 2022 13:48
Çingiz Göytürk: 40 milyonluq Güney Azərbaycan da Türkiyə-Azərbaycan ittifaqının yanındadır
BAYRAQDAR MEDİA – “Artıq üç aydır ki, İran adlanan coğrafiyada sosial tələblə başlayan və sürətlə siyasiləşən etirazlar davam edir. Biz hər keçən gün eyni zamanda qeyri-fars xalqların yaşadığı bölgələrdə milli tələblərə əsaslanın etirazların gücləndiyini müşahidə edirik”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycandan olan milli fəal, hazırda Finlandiyada yaşayan Çingiz Göytürk bildirib.
Onun sözlərinə görə, etiraz aksiyaları getdikcə daha da genişlənir: “Bu məsələdə Güney Azərbaycan xüsusilə fərqlənir. Güney Azərbaycan ilk gündən milli məsələni ön planda tutub. Güney Azərbaycan türkləri aksiyalarda “Azadlıq. Ədalət. Milli Hökumət” şüarı ilə çıxış edir. Bu da təbiidir. Çünki Güney Azərbaycanlılar İranın gələcəyində öz yerini görmür. Hesab edilir ki, Güney Azərbaycan Cümhuriyyətinin qurulması vacibdir. Onu da deyim ki, artıq İrandakı digər xalqlar da Güney Azərbaycan türklərindən nümunə götürməyə başlayıblar. Onlar da milli tələbləri gündəmə gətiriblər. Bu da İran rejiminin sonunun çatdığına işarə edir”.
O da qeyd olunub ki, İran hər zaman Azərbaycana qarşı olub: “Azərbaycan Respublikası müstəqilliyini elan edəndən bəri İran öz təxribatçı addımlarını atıb, anti-Azərbaycan siyasətini davam etdirib. Zaman-zaman bunu gizli şəkildə reallaşdırıb. Son iki ildə isə bunu açıq formada reallaşdırır”.
Onun sözlərinə görə, bunun əsas səbəbi Azərbaycanın Vətən müharibəsindəki qələbəsidir: “Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması və regionda geosiyasi durumu ciddi şəkildə öz lehinə dəyişməsi İran hakimiyyətini ciddi narahat edib. Çünki İran adlanan məkanda 40 milyona yaxın Azərbaycan türkü yaşayır. Bu 40 milyonluq Azərbaycan türkünün maraqları, hədəfləri indiyə qədər bir şəkildə məzhəb adı altında, dövlətçilik adı altında irançılığa istiqamətləndirilib. Lakin bu gün artıq Güney Azərbaycanlılar öz dövlətçiliyi uğrunda mübarizəyə başlayıblar. Güney Azərbaycanlılar bu mübarizədə örnək dövlət olaraq bütün sahələrdə güclənmiş Azərbaycan Respublikasını özlərinə nümunə götürürlər. İran isə bunu milli təhlükəsizliyinə ciddi bir təhlükə olaraq dəyərləndirir və Azərbaycanı zəiflədərək bunun qarşısını almağa çalışır”.
Qeyd edilib ki, İran eyni zamanda, Azərbaycan-Türkiyə birliyinə qarşı təxribatçı addımlar atır: “İran Türkiyə-Azərbaycan ittifaqına qarşı addımlar atır. Ancaq bu, İrana xoş nəticə vəd etmir. Çünki 40 milyonluq Güney Azərbaycan da Türkiyə-Azərbaycan ittifaqının yanındadır. Bu isə İranın artıq regionda gücünün qalmadığının daha bir təsdiqidir. İranın əlində qalan yeganə məsələ Ermənistan kartıdır. İran bu kartdan istifadə edərək mümkün olduğu qədər Zəngəzur dəhlizinə, enerji koridoruna mane olmağa çalışır. Lakin bu zaman da sadəcə Azərbaycana və Türkiyəyə qarşı deyil, dünyaya qarşı çıxmış olur. Dünyanın enerji təhlükəsizliyini ciddi bir şəkildə təhlükə altına alır. Buna görə də İran dünyadan öz cavabını alacaq. Yəni İranın son dövrlər atdığı bütün addımlar bu ölkənin ziyanına işləyir. Bu addımlar küyçülük ovqatında atılır. İranda bir başıpozuqluq hökm sürür. Bu, təklənmişliyin və məğlubiyyətin qorxusudur. Azərbaycan isə öz qətiyyətli siyasətini davam etdirir”.
Vurğulanıb ki, Azərbaycan faktoru regionda təsiredici faktor kimi artıq bütün dünya dövlətləri tərəfindən qəbul edilir.