Bakıda KKTC-nin müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib
BAYRAQDAR MEDİA – Noyabrın 29-da Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) müstəqilliyinin 39-cu ildönümü münasibətilə tədbir keçirilib.
KKTC-nin Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin deputatları, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən KKTC-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer böyük türk dünyasının bir parçası olan Kuzey Kıbrısın müstəqilliyinin qardaş və dost Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. O, ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.
U.Turganer KKTC-nin Türk Dövlətlər Təşkilatına müşahidəçi üzv qəbul edilməsini böyük hadisə olaraq qiymətləndirib.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu iki ölkə arasında əlaqələrdən bəhs edib. Millət vəkili KKTC-ni müstəqillik günü münasibətilə təbrik edib. Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edən H.Babaoğlu bildirib ki, xalqımız bunun əyani təzahürünü 44 günlük Vətən müharibəsində gördü.
Tədbir daha sonra konsert proqramı ilə davam edib.