Son yeniləmə: 30 Noyabr 2022 17:01
“Urmiya gölünün qurudulması” mövzusunda ictimai müzakirə keçirilib
BAYRAQDAR MEDİA – Noyabrın 30-da “Urmiya gölünün qurudulması” mövzusunda ictimai müzakirə keçirilib.
Müzakirədə “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə, türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov, Güney Azərbaycandan gələn ekspertlər, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Məlumata görə, tədbiri giriş sözü ilə “Beynəlxalq hüquq sahəsində maarifləndirmə və tədqiqatlar” İctimai Birliyinin sədri Səftər Rəhimli açıb.
O, bildirib ki, ictimai müzakirə olduqca aktual məsələdir: “İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar kağız üzərində qalıb. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir”. S.Rəhimli qeyd edib ki, dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi ciddi narahatlıq yaradır.
Tədbirdə digər çıxış edənlər də məsələnin ciddiliyinə diqqəti yönıldiblər. Bildiriblər ki, məsələ ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib. Əksinə, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və İrandan kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün müxtəlif işgəncələr tətbiq olunur.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxışlarında bildiriblər ki, İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Onlar Azərbaycanın ictimai-siyasi təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, medianı bu məsələdə fəal olmağa, soydaşlarımıza qarşı İran hökumətini məcburetmə siyasətindən daşındırmaq üçün imkanlarını səfərbər etməyə çağırıblar.
Daha sonra ictimai müzakirə qarşılıqlı diskussiya formasında davam edib və təkliflər səsləndirilib.