Son yeniləmə: 30 Noyabr 2022 18:50
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib. İclasda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün bu günlərdə daha 410 fərdi evin tikintisinin yekunlaşdığı diqqətə çatdırılıb.
Nazirlikdən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, iclasda 54 fərdi evin tikintisinin isə tamamlanmaqda olduğu bildirilib.
Məlumata əsasən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunmasının Nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb: “Nazir bu kateqoriyadan olan vətəndaşların mənzil və ya fərdi evlərlə təminatı proqramının son illər dəfələrlə genişləndiyini, bu sahədə 2022-ci il üçün nəzərdə tutulan planın da uğurla icra edilməkdə olduğunu qeyd edib”.
İclasda paytaxtın Xətai rayonunda 5 saylı Bakı DOST mərkəzinin, eləcə də digər bölgələrdə yeni sosial obyektlərin açılışına hazırlıq işlərindən bəhs olunub. Yaxın vaxtlarda Bərdədə DOST mərkəzinin və Peşə Hazırlığı Mərkəzinin, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzinin açılacağı, Şamaxıda Psixonevroloji sosial xidmət müəssisəsinin əsaslı təmiri və yeni korpusunun inşasının da artıq yekunlaşdığı diqqətə çatdırılıb: “Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 14 təlim istiqamətindən əlavə daha 8 fəaliyyət istiqaməti üzrə də təlimlər təşkil edildiyi bildirilib. Burada təlim kurslarındakı 281 benefisiardan 200-ə qədərinin əlilliyi olan şəxslər və şəhid ailələri üzvləri, digərlərinin valideyn himayəsindən məhrum şəxslər, aztəminatlı ailələrin üzvləri olduğu qeyd olunub. Benefisiarlarla bağlı kompleks reabilitasiya işlərinin də aparıldığı və təlimlərə qatılan şəxslərin həm yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsində, həm də psixo-sosial vəziyyətlərində müsbət nəticələr əldə edildiyi vurğulanıb. Əmək, məşğulluq, sosial müdafiə sahələrində yeni altsistemlərin, reyestrlərin, informasiya ehtiyatlarının yaradılması istiqamətiində aparılan işlər diqqətə çatdırılıb. Bu il e-gov üzrə müraciət sayının 8,9 milyon, e-sosial.az portalına müraci¬ət sayının 9,7 milyon olduğu, 280,5 min proaktiv təyinat aparıldığı, eləcə də proaktiv qaydada 157 mindən çox sosial sığorta nömrəsinin açıldığı, 466,6 min e-arayış verildiyi bildirilib”.
İclasda qeyd olunan istiqamətlərdə görülən işlər, habelə sosial xidmətlərin daha geniş aspektləri əhatə etməsi üçün yeni layihəyə dair müzakirələr aparılıb.