Press "Enter" to skip to content

Azərbaycan-Almaniya münasibətləri və Azərbaycandakı alman irsi

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev

Son yeniləmə: 30 Noyabr 2022 16:27

BAYRAQDAR MEDİA – Almaniyanın paytaxtı Berlində Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib. “Azərbaycanda alman izləri” adı altında keçirilən tədbir Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilib.

Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 30-da Azərbaycanın Almaniyadakı səfirliyindən veriblər.

Bildirilir ki, “tədbirdə Bundestaq üzvləri, Almaniyanın Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər”.

Tədbir Azərbaycan səfirliyinin hazırladığı “Azərbaycanda alman izləri” adlı filmin nümayişi ilə başlayıb: “Filmdə Azərbaycandakı alman irsi və onun dövlət tərəfindən qorunması barədə iştirakçılara məlumat verilib”.

Film nümayişi
Film nümayişi

Səfir Nəsimi Ağayev çıxış edərək Almaniya ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərin tarixindən və müasir vəziyyətindən danışıb. O, “bildirib ki, xalqlarımız arasındakı əlaqələr qədim zamanlara dayanır və bu əlaqələrin daha sıx xarakter alması 19-cu əsrin əvvəllərində Almaniyanın hazırkı Baden-Vürttemberq ərazisindən alman şvabların ölkəmizə köçü ilə bağlıdır. Səfir qeyd edib ki, II Dünya Müharibəsi illərində Stalin hakimiyyəti tərəfindən Mərkəzi Asiya və Sibir ərazilərinə deportasiya olunana kimi almanlar ölkəmizdə azərbaycanlılarla birgə mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar. N.Ağayev müasir Azərbaycan-Almaniya münasibətlərinin bu zəngin tarixdən bəhrələndiyini ifadə edib. O, diqqətə çatdırıb ki, Azərbaycanın Qərbi Avropa ölkələri arasında ilk səfirliyini 1992-ci ildə məhz Almaniyada açması bu baxımdan təsadüfi hesab oluna bilməz. Səfir hazırda bütün sahələrdə ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb”.

Tədbirdə Almaniya hökuməti adından Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Orta Asiya üzrə müvəkkili, səfir Mattias Lüttenberq çıxış edib: “O, Azərbaycan-Almaniya münasibətlərinə nəzər salıb və ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini söyləyib”.

“Daha sonra tədbirə Bakıdan məruzəçi qismində dəvət olunmuş Fuad Axundov “Azərbaycanda alman izləri” mövzusunda təqdimat keçirərək, almanların Azərbaycana köçünün tarixi aspektləri, ölkəmizdə əsası qoyulmuş alman yaşayış məskənləri, oradakı alman icmasının həyat və fəaliyyəti, habelə onların, eləcə də ölkəmizə təşrif gətirmiş digər almanların ölkəmizin ictimai-siyasi həyatındakı iştirakı haqda geniş danışıb.

“Tədbirə moderatorluq almaniyalı professor Eva Maria Aux tərəfindən həyata keçirilib.

Tədbirdən görüntü
Tədbirdən görüntü

“Almaniyanın Hamburq şəhərində yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçi Tural İsmayılovun yaratdığı və rəhbərlik etdiyi Azərbaycan-alman ansamblı – “Anima Şirvani”nin alman barok musiqisi və Azərbaycan muğamının sintezindən ərsəyə gətirdiyi musiqi parçaları tamaşaçıların böyük marağı ilə qarşılanıb.

Musiqili hissə
Musiqili hissə

“Tədbirdən sonra ziyafət verilib”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.