Son yeniləmə: 29 Noyabr 2022 10:34
BAYRAQDAR MEDİA – “İki il öncə 44 günlük Vətən müharibəsində qalib gələn Azərbaycan türk dünyasında yeni bir zəfər dastanı yazdı. Həmin günlər tarixə həm də Türkiyə-Azərbaycan qardaşlığının daha bir təntənəsi kimi düşdü. Dünya bir daha bir millət iki dövlət olan Türkiyə ilə Azərbaycanın sevincli günlərdə də, kədərli günlərdə də birlikdə olduğunu gördü”.
Bunu Bakıda keçirilən “Zəfərin mübarək Azərbaycan!” adlı tədbirdəki çıxışında qardaş Türkiyənin Azərbaycandakı səfirliyində 2005-2010-ci illərdə basın müşaviri olmuş, “Yeni Gün” qəzetinin yazarı Bülent Uğur deyib.
Qeyd edək ki, “Şuşa “İli” çərçivəsində təşkil edilən tədbir “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik hüquqi şəxsin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı rayon Gənclər Mərkəzində olub. Məlumata əsasən, tədbirdə B.Uğurla yanaşı Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, YAP Yasamal rayon təşkilatının sədri, Bakı Dövlət Universitetinin Tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Tarix elmləri doktoru, professor, Bakı Dövlət Universitetində elmi işlər üzrə dekan müavini Sevda Süleymanova, Bakı Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cavid Fərhadov, Əməkdar jurnalist, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Məsələləri şöbəsinin məsləhətçisi Həsən Əliyev, “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsin direktoru Gülarə Quluzadə, şəhid ailələrinin üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar iştirak ediblər.
Tədbirin rəsmi hissəsindən öncə qonaqlar Şuşa şəhərinin tarixi memarlıq abidələrinin əks olunduğu rəsm sərgisi ilə tanış olublar.
Məlumatda deyilir ki, Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə Şuşanın keçmişi və bu günü haqqında videoçarx nümayiş etdirilib: “Tədbirdə çıxış edən natiqlər Şuşa şəhərinin Azərbaycan tarixində çox böyük siyasi, mədəni, elmi və strateji yer tutduğunu vurğuladılar. Bununla yanaşı qeyd edildi ki, Prezident İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalamışdır”.
Natiqlər qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyatlar keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirib: “Azərbaycan Ordusu Şuşanı işğalçılardan azad edərək, noyabrın 8-də Şuşada Azərbaycan bayrağını ucaltdı. Şuşanın düşmən əsarətindən azad edilməsi müharibənin taleyində həlledici rol oynamış, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir”.
O da vurğulanıb ki, çıxışlardan sonra “4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsinin müxtəlif dərnək üzvlərinin iştirakı ilə bədii proqram təqdim edilib.
Sonda RİH başçısı Vasif İmanov “Şuşa ili”ndə Şuşanın adına layiq, uşaqların və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, öz Vətəninə sevgi hissinin, vətəndaşlıq məsuliyyətinin diqqət mərkəzində olması məqsədilə belə bir tədbirin keçirilməsinin rayonun ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayıb. O, tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.