Son yeniləmə: 29 Noyabr 2022 12:04
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsinin şəhər (final) mərhələsi keçirilir. Müsabiqənin şəhər (final) mərhələsində müəllimlər müraciət etdikləri mövzunu şagirdi ilə bərabər Münsiflər heyəti və dinləyicilərə müəyyən olunmuş vaxt ərzində interaktiv çıxış formatında təqdim edirlər.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrln 29-da qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürülür: “Hər bir meyar üzrə iştirakçıya 5 bal verilir. Müsabiqənin nəticəsinə əsasən, 15 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər isə həvəsləndirici yer) və 15 şagird (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 6 nəfər həvəsləndirici yer) qalib seçiləcək. Qaliblər BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq”.
Qeyd edilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi və qabaqcıl müəllimlər bazasının yaradılması, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir.