Son yeniləmə: 29 Noyabr 2022 15:43
Dr. Yücel Karauz: Terrorçulara qarşı quru əməliyyatlarının ən qısa müddətdə reallaşdırılması vacibdir
BAYRAQDAR MEDİA – “Türkiyə Silahlı Qüvvələri 2016-cı ildən bəri Suriya ilə sərhəd bölgədə hərbi əməliyyatlar keçirdi. Bu hərbi əməliyyatlarda ümumilikdə 17 min terrorçu məhv edildi. Bu 17 minin içərisində müxtəlif terror qruplaşmalarının üzvləri var. Həmçinin bu müddət ərzində 10 minə yaxın əldəqayırma partlayıçı maddə zərərsizləşdirildi. Bununla da 911 kilometrlik Suriya sərhədinin 404 kilometrlik hissəsində təhlükəsizlik təmin edildi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlmasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
“Suriya ilə sərhəddə və hətta bu ölkənin daxilində quruda hərbi əməliyyatlar niyə vacibdir” sualını cavablandıran general deyib ki, son günlər yenidən Suriya əraizisindən Türkiyəyə terror hücumları olur: “Türkiyə bu hücumların təkrarlanmaması, Suriya ilə sərhəd boyunca təhlükəsizlik bölgəsinin qurulması üçün hərəkətə keçib. Bu da təbiidir. Çünki Türkiyə son illər ölkədaxili antiterror əməliyyatları nəticəsində əldə etdiyi uğuru itirmək istəmir. Yəni Türkiyə daxilində sarsıdıcı zərbələr alan PKK-nın xarici ölkələrlə birbaşa əlaqələrinin kəsilməsi bu terror təşkilatının bir daha dirçəlməməsi üçün vacib rol oynayır. Buna görə də Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəd bölgəsinə ağır texnika, o cümlədən artilleriya və tank briqadaları, quru qoşunlarına aid avtomaşınlar cəlb edib. Bu əməliyyatlar ona görə vacibdir ki, ardıcıl aviasiya zərbələri ilə darmadağın edilərək pərakəndə halda fəaliyyət göstərən İraq ərazisindəki PKK terrorçuları Fərat çayının sahillərində yenidən birləşə bilməsinlər”.
Dr. Yücel Karauz bildirib ki, 2019-cu ildə Rusiya və ABŞ-la əldə edilmiş razılıq çərçivəsində terrorçular M-4 quru sərhədindən güneyə keçməliydilər: “Yəni Türkiyə sərhədini 30-35 km boşaltmalı idilər. Ancaq ABŞ və Rusiya verdikləri sözə əməl etmədi. Hələ də Türkiyənin təhlükəsizlik zolağı formalaşdırdığı yerdən kənarda terrorçular Türkiyəyə qarşı terror fəaliyyətləri törətməkdə davam edirlər. Dolayısı ilə “Pençe Kilit” əməliyyatı ilə həm Suriya, həm də İraqda ümumilikdə min kilometrlik genişlikdə, iki yüz kilometrlik dərinlikdə 18 bölgədə 88 hədəf məhv edildi. Bu addım vacib idi. Bölgənin təhlükəsiz hala gətirilməsi lazımdır. Əks təqdirdə bataqlıq tam mənasında qurudulmamış olur”.
Müsahibimiz deyib ki, ABŞ İraq və Suriya ərazisini əhatə edəcək bir terror dövləti formalaşdırmağa çalışır: “Rusiya Suriyada daha öncəki hava və dəniz hərbi bazaları vasitəsilə Orta Doğunu və Akdenizi nəzarətdə saxlamaq istəyir. İran isə dini məzhəbçiliyə əsaslanan özünə tərəfdaş qruplar, bölgələr və təsir sahəsi formalaşdırmağa çalışır. Bu üç ölkə başqa yerlərdə bir-biri ilə mübarizə aparsa da söhbətin mövzusu Türkiyə olunca birləşirlər. Buna görə də Türkiyənin təhlükəsizliyinin təmin edilməsi, ərazi bütövlüyünün daha da təhlükəsiz vəziyyətə gətirilməsi üçün terrorçulara qarşı quru əməliyyatlarının ən qısa müddətdə reallaşdırılması vacibdir. Çünki Türkiyə 38 ilə yaxındır ki, terrordan hər cür əziyyət çəkmiş ölkədir. Dolayısı ilə artıq Türkiyə terrorla və terrorizmlə yaşamaq istəmir. Son terrorçu məhv edilənə qədər mübarizə davam edəcək”.