Press "Enter" to skip to content

Qardaş Tatarıstan Prezidenti Azərbaycandadır – VİDEO

Tatarıstan Prezidenti Bakı Hava Limanında

Son yeniləmə: 29 Noyabr 2022 08:57

BAYRAQDAR MEDİA – Qardaş Tatarıstanın Prezidenti Rüstəm Minnixanov noyabrın 28-də Azərbaycana iki günlük işgüzar səfərə gəlib.

Xəbəri Prezidentin Mətbuat xidməti yayıb.

Xəbərdə deyilir ki, yüksək qonağı Bakı Hava Limanında Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qarşılayıb.

Tatarıstan Prezidentinin Bakıda tatar ictimai fəallarıyla, həmçinin rəsmilərlə görüşlərinin keçiriləcəyi də xəbər verilir.

Prezidentin Mətbuat xidmətinin növbəti xəbərində bildirilir ki, Tatarıstan Prezidenti Bakıda tatar ictimai qurumlarının təmsilçiləri ilə görüşüb.

Xəbərdə Azərbaycanda 27 mindən artıq tatarın yaşadığı da qeyd edilir. Bildirilir ki, tatarların “Yəşlek” Tatar Gəncləri Birliyi, “Tugan Tel” Tatar Mədəniyyəti Respublika Cəmiyyəti, “Tatarıstan” İctimai Birliyi, “Ak Kalfak” Tatar Xatın-Qızları Cəmiyyətinin Azərbaycan Bölməsi fəaliyyət göstərir.

“Tatarıstanla Azərbaycanı tarixdən gələn yaxın dost münasibətlər birləşdirir. Burada yaşayan həmvətənlərimiz isə dilini, adətlərini və mədəniyyətini qorumağa böyük töhfə verir”, – deyə Prezident tatar fəallarla görüşündə bildirib.

Prezidentin Bakıda ictimai fəallarla görüşündən
Prezidentin Bakıda ictimai fəallarla görüşündən

R.Minnixanov deyib ki, tatar dili və mədəniyyətinin, adətlərinin qorunması üçün edilən müraciətlər də nəzərə alınacaq.

Daha sonra yüksək qonaq tatar fəallarla birlikdə Azərbaycanın tatar tarixi və Tatarıstan-Azərbaycan münasibətlərinə həsr edilmiş sərgiyə baş çəkib.

Xəbərdə qeyd edilir ki, bugünlərdə Bakıda Gabdulla Kariyev adına Kazan Tatar Dövlət Gənc Tamaşaçılar Teatrının qastrolu keçirilir. Bundan başqa İdil-Bulqar dövlətin islamın qəbulunun 1100 illiyinə həsr edilmiş sərgi də təşkil edilib.

Mission News Theme by Compete Themes.