BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) icraçı direktoru, Dos. Şəhla Tahirqızı və Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak etmək üçün Türkiyədə səfərdə olub.
Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 29-da MEK-dən veriblər.
Xəbərdə deyilir ki, “ANKOS 40-dan çox nəşriyyatın 88 müxtəlif verilənlər bazası ilə 1 min 440 müqaviləyə malikdir. Qurumun məqsədi universitet və elmi-tədqiqat kitabxanalarının ən münasib qiymətlərlə ən çox e-informasiya resurslarına çıxışını təmin etmək, kitabxanaların təhsil və tədqiqata dəstəyini artırmaq üçün birgə səylər həyata keçirmək, eləcə də alim və tələbələrin qlobal məlumat şəbəkəsinə ən yüksək səviyyədə çıxışını həyata keçirməkdən ibarətdir”.
Daha sonra bildirilir ki, “dünyanın müxtəlif ölkələrindən 500-dən çox kitabxana-informasiya mütəxəssisinin qatıldığı beynəlxalq konfransın panel iclaslarında elm və təhsil resursları, verilənlər bazasının idarə edilməsi, qarşılıqlı birgə fəaliyyət, süni intellektin kitabxana işinə tətbiqi və yeni tendensiyalar, informasiya əldə etməkdə davamlılıq, davamlı rəqəmsal mühafizə, kitabxana və nəşriyyat sahəsindəki yeniliklər, yeni texnoloji həllərin tətbiqi kimi məsələlər müzakirə olunub. Beynəlxalq konfrans çərçivəsində MEK istifadəçilərinə Türkiyədəki universitet kitabxanalarının əməkdaşlıq imkanlarından ən yüksək səviyyədə istifadə üçün şərait yaratmaq məqsədilə ölkənin aparıcı qurumları ilə səmərəli əməkdaşlığın bünövrəsi də qurulub”.
“Səfər çərçivəsində əməkdaşların Akdeniz Universitetinin rektor müşaviri Cemil Tonbul, universitet kitabxanasının direktoru Mustafa Pamukçu və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının sədri Ceyran Səttarova ilə görüşü olub. Görüş zamanı Universitetin kitabxanasına ekskursiya təşkil edilib və fəaliyyəti haqqında ətraflı məlumat verilib, iki qurum arasında qarşılıqlı sıx əməkdaşlığın faydaları da müzakirə olunub. Dos. Ş.Tahirqızı Akdeniz Universiteti kitabxanasının fonduna Azərbaycanın bədii ədəbiyyatını, eləcə də mədəniyyətini, tarixini əks etdirən dəyərli elmi nəşrlər təqdim edib”, – deyə xəbərdə qeyd edilir.
Daha sonra bildirilir ki, “səfər çərçivəsində əməkdaşlar Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illik yubileyinə həsr olunmuş konfransa qatılıblar”.
“Tədbirə, həmçinin, Bakı Dövlət Universiteti Elmi Kitabxanasının direktoru, Dos. Nigar İsmayılova, kitabxananın şöbə müdiri Cəmilə Yusifova, Azərbaycan Dillər Universiteti Kitabxanasının direktoru Cəmilə Əliyeva da qatılıb.
“Tədbirdə MEK-in hazırladığı Əhməd Cavadın həyat və fəaliyyətini əks etdirən geniş videoslayd təqdim edilib, Dos. Şəhla Tahirqızı və Dos. Nigar İsmayılovanın çıxışları dinlənilib.
“Türkiyə tərəfdən isə tədbirdə Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədri Ceyran Səttarova, Türk Ocaqları Antalya şöbəsinin başqanı Abdullah Uysal, şair Yusif Özcan, Akdeniz Universiteti Fəlsəfə bölməsinin professoru İsmayıl Yakıt, mühəndis Hasan Sanar, sənətçi Vüsalə Qubadova, Elda Bağırova, Nurlana Seyidova və çoxsaylı qonaqlar iştirak ediblər.
“Tədbir Əhməd Cavadın poeziyasından ədəbi kompozisiya ilə davam edib.
“Sonda MEK-in icraçı direktoru, Dos. Şəhla Tahirqızına Türk Ocaqları Antalya şöbəsinin və Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin təşəkkürnaməsi təqdim edilib”, – deyə xəbərdə bildirilir.