Son yeniləmə: 29 Noyabr 2022 12:52
BAYRAQDAR MEDİA – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Komitənin dəvəti ilə ölkəmizə səfər edən xarici jurnalistlərlə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya komitədən məlumat verilib.
Bildirilib ki, görüşdə “Gurevich Communications” şirkətinin rəhbəri Roman Gurevich, “El Español” onlayn jurnalının direktor müavini Alberto Daniel Prieto Davila, “La Vanguardia” və “La Razón” qəzetlərinin müxbiri Ofer Laszewicki, “SIC”, “La Vanguardia” və “Mediaset España” media qurumlarının Orta Şərq üzrə müxbiri Paul Manuel Sanchez Keighley, yəhudi kinematoqraf, həmçinin İspaniya, Portuqaliya, Fransa, Argentina və digər ölkələrin mediasında məqalələri dərc olunan jurnalist Yair Cymerman iştirak edib.
Qeyd edilib ki, M.Qurbanlı xarici jurnalistlərə ölkəmizdə mövcud olan dini durum, dinlərarası harmoniya və Komitənin fəaliyyəti barədə ətraflı məlumat verib: “Azərbaycan əhalisinin əksər hissəsinin müsəlman olduğunu qeyd edən Komitə sədri ölkəmizdə müxtəlif dini konfessiyaların əsrlərdir sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini deyib. Diqqətə çatdırıb ki, müstəqilliyimizin bərpasından sonra tolerantlıq və multikulturalizm mühitinin daha da güclənməsində ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub və bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Jurnalistləri maraqlandıran mövzular ətrafında davam edən görüşün sonunda qonaqlara DQİDK-nın ölkəmizdəki dini tolerantlıq mühiti və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmi haqqında ingilis dilində nəşr etdirdiyi kitablar təqdim edilib.