Press "Enter" to skip to content

Həyatını türk dünyasının birliyinə həsr etmiş ziyalı

Tədbirdən xatirə fotosu

Son yeniləmə: 29 Noyabr 2022 13:30

Bakı Atatürk Liseyində Türk Dünyası Araşdırmaları Vəqfinin qurucusu, Prof. Dr. Turan Yazganın xatirəsi anılıb

BAYRAQDAR MEDİA – Bütün həyatını türk dünyasına həsr edən Prof.Dr. Turan Yazganın illər öncə söylədiyi sözlər, arzuları bu gün reallaşır.

Bu barədə noyabrın 28-də Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində keçirilən anım tədbirində bildirilib.

Salamlama marşı zamanı
Salamlama marşı zamanı

Vəqfin və liseyin qurucusu, türk dünyasının görkəmli elm xadimi Prof.Dr Turan Yazganın vəfatının 10-cu ildönümünə həsr olunan tədbir liseyin həyətində salamla marşı ilə başlayıb.

Sonra məktəbin konfrans salonunda davam edən tədbirdə T.Yazganın xatirəsi yad edilib, iki qardaş ölkənin dövlət himnləri səsləndirilib.

Bayraqlar meydana gətirlir
Bayraqlar meydana gətirlir

Azərbaycan, Türkiyə və Kuzey Kıbrıs Türk Cümhuriyyətindən olan tanınmış ictimai-siyasi xadimlərin, media mənsublarının, həmçinin məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi anım mərasimində Türk Dünyası Araşdırmalar Vəqfinin başqanı Közhan Yazgan, Bakı Atatürk Liseyinin direktoru Eyləm Gültekin, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxış ediblər.

Liseyin direktoru Eylem Gültekin mərhum Turan Yazganın türklük sevdalısı olduğunu bildirib. O, Bakı Atataürk Liseyinin də onun bir yadigarı olduğunu deyib: “Həyatını türklüyə, türk dünyasına həsr edən Turan Yazganın bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun türk dünyası üçün qoyub getdiyi ən böyük əmanətdir”.

Kozhan Yazgan çıxış edərkən
Kozhan Yazgan çıxış edərkən

TDAV-ın hazırkı başqanı K.Yazgan isə bildirib ki, Turan Yazgan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasının və Mustafa Kamal Atatürkün “Türk birliyinə inanır və onu görürəm” fikrinin həyata keçirilməsi üçün var gücü ilə çalışıb: “Turan Yazgan həyatını türk dünyasının birliyinə, bütövlüyünə həsr etmişdi. O, bu yolda yorulmadan çalışdı və bizlərə bir örnək qoyub getdi. Bizlər də onun yolu ilə gedərək, bu yolda üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq”.

Liseyin şagirdlərinin Turan Yazgan sevgisi
Liseyin şagirdlərinin Turan Yazgan sevgisi

T.Rüstəmxanlı isə çıxışında “İnsanlar o zaman ölümsüz olur ki, tarixin hər dönəmində xatirələrdə yaşayır, fikirləri hər zaman üçün keçərli olur. Zaman Turan Yazqanı haqlı çıxardı. 30 il bundan öncədən bu gün gerçəkləşən fikirləri söyləyirdi. O, türk dünyasının gələcəyini görərək ötən əsrin 80-ci illərində Türk Dünyası Araşdırmaları Vəqfini qurmuşdu”, – deyə bildirib.

Tədbir bədii proqramla yekunlaşıb
Tədbir bədii proqramla yekunlaşıb

Tədbir bədii hissə ilə davam edib. Liseyin şagirdlərinin ifasında Turan Yazgana və türkçülüyə həsr olunan mahnı və şeirlər səsləndirilib.

Mission News Theme by Compete Themes.