BAYRAQDAR MEDİA – Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı Güney Azərbaycan milli mücadiləsinin ortaq bayrağı ilə bağlı noyabrın 28-də Bildiriş yayımlayıb.
Xəbəri noyabrın 29-da Araz News öz Telegram kanalında yayımlayıb.
Bildirişdə deyilir: “Güney Azərbaycan çox ağır dönəmdən keçməkdədir. Bir yandan farsçı molla faşizminin çöküş siqnalları çalınarkən, başqa yandan da bu rejimdən sonra ortaya çıxacaq siyasi tablo hər vətənsevər Azərbaycan türkü kimi bizi də dərindən düşündürür. Tehran rejiminə qarşı hər gün güclənən vahid irançı cəbhə ilə yanaşı dağınıq görünən Azərbaycan siyasi alanı ciddi didərginliyə yol açır. Azərbaycan siyasi sahəsinə mənfi təsir edən ən önəmli faktorlardan biri, sözsüz ki, Güney Azərbaycan milli varlığını təmsil edən ortaq bayrağıdır. Son aylarda dünya üzərində yayğınca görünən irançı müxalifətin birləşdirici simgələri ilə yanaşı kürd varlığını göstərən vahid bayrağın da bol-bol meydan alması apaydın görünür. Belə durumda Güney Azərbaycan milli varlığını və vətənimizin güneyində canını ovcunda tutaraq faşist rejimə qarşı milli savaşda olan Azərbaycan türk millətinin milli mücadiləsini təmsil edəcək vahid bir bayrağın olmaması olduqca böyük boşluqlara yol açmaqdadır”.
Müəlliflər daha sonra qeyd edir ki, “Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı, ilk yaranan gündən etibarən bayraq və milli xəritənin vahidləşməsini Azərbaycan Milli Hərəkatı üçün ən vacib problem kimi ələ almışdır. Nəticə olaraq elan edir ki, vaxtıyla Babək Qurultayında millətçi gəncliyimizin əlilə qaldırılan və hazırda meydanlarda Güneyin milli azadlıq mücadiləsini təmsil edən aparıcı və birləşdirici üç rəngli və üç bucaqlı ağ ay-ulduzlu bayrağı milli mücadilə simgəsi kimi qəbul edir. Bu bayrağın Güney Azərbaycan milli-siyasi qurum, partiya, təşkilat və hərəkatlar tərəfindən qəbul olunmasını tövsiyə edir”.
“Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı (Milli Qurtuluş) hesab edir ki, istiqlalçı, federalçı və sair baxışlardan asılı olmayaraq Güney Azərbaycanın milli dövlətçiliyini öz strategiyası kimi bəlirləndirən və “Azadlıq – Ədalət – Milli Hökumət” şüarını ortaq səsləndirən bütün Güney qurumları bayraq haqqında da milli cəsarət göstərərək – birləşdirici bayrağı qəbul edərək Güneydə işğalçı İran rejiminə qarşı sinə gərən gənclərimizə birlik örnəyi göstərmiş olsunlar.” Bildiriş bu sözlərlə başa çatır.