Son yeniləmə: 29 Noyabr 2022 11:32
Türkiyə terrorçulara qarşı mübarizəsini qətiyyətlə davam etdirir
BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Silahlı Qüvvələri Suriyanın Quzeyində “Fırat kalkanı”, “Zeytin dalı” və “Barış pınarı” əməliyyatları ilə 6 ildə 16 min 913 terrorçunu zərərsizləşdirib.
Bu barədə Anadolu Ajansı məlumat verib. AA müxbirinin bununla bağlı topladığı məlumatlar əsasında hazırlanmış yazını qısa ixtisarla təqdim edirik.
İlk əməliyyat “Fırat kalkanı”
Məlumatda qeyd edilir ki, Türkiyə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququ çərçivəsində sərhəd təhlükəsizliyini təmin etmək üçün Suriyanın Quzeyində terror təşkilatlarını, xüsusilə İŞİD-i zərərsizləşdirmək üçün 24 avqust 2016-cı il tarixində ilk əməliyyatına başlayıb: “Əməliyyatın ilk günündə Gaziantepin Karkamış rayonu ilə üzbəüz Suriya ərazisində yerləşən Cerablus rayon mərkəzi, 23 fevral 2017-ci ildə isə Bab rayon mərkəzi İŞİD-dən azad edilib. Əməliyyatla 2 min 55 kvadrat kilometr ərazini əhatə edən yaşayış məntəqələri 217 gün ərzində terrordan təmizlənib və əməliyyatın 29 mart 2017-ci il tarixində uğurla başa çatdığı açıqlanıb”.Bildirilib ki, “Fırat kalkanı” əməliyyatı ilə 7 ayda 3 min 936-sı İŞİD, 1 min 976-sı PKK/YPG terror təşkilatı üzvü olmaqla 5 min 912 terrorçu zərərsizləşdirilib: “Əməliyyatla terrorçuların bölgəyə yerləşdirdiyi 18 min 796 ədəd kustar üsulla istehsal edilən partlayıcı və mina məhv edilib. Bölgənin təhlükəsizliyi təmin edildikdən sonra terror səbəbilə didərgin düşmüş çoxlu sayda mülki şəxs bölgəyə qayıdıb”.
72 şəhidin xatirəsi üçün 72 döyüş təyyarəsi
Məlumata əsasən, 20 yanvar 2018-ci il tarixində Türkiyə Silahlı Qüvvələrinin başlatdığı əməliyyatın hədəfi Suriyanın şimal-qərbində, Hatay vilayəti ilə üzbəüz terror təşkilatı PKK/YPG tərəfindən işğal edilən Afrin olub. “Fırat kalkanı” əməliyyatında şəhid olan 72 türk əsgərinin xatirəsinə 72 döyüş təyyarəsi havaya qalxıb: “Həmin gün saat 17.00-da terrorçuların hədəfləri bombalanmağa başlayıb. “Zeytin dalı” adı verilən əməliyyatda mehmetçik mülki vətəndaşların zərər görməməsi üçün hər cür diqqət və həssaslığı göstərdiyi halda, terror təşkilatı işğal etdiyi ərazilərdə mülki şəxslərlə sipər çəkərək əməliyyatın qarşısını almağa çalışıb”.
Əməliyyat zamanı 7 min 172 terrorçu zərərsizləşdirilib. Terror təşkilatı PKK/YPG-nin bölgəyə yerləşdirdiyi 2 min 289 mina və kustar üsulla hazırlanmış partlayıcı məhv edilib: “Afrin rayon mərkəzi terrordan təmizləndikdən sonra tamamlanan əməliyyatda 6 qəsəbə mərkəzi, 282 kənd, kəndə bağlı 6 yaşayış məntəqəsi, 23 strateji dağ və təpə, 1 bənd, 50 strateji nöqtə TSK-nın nəzarətinə keçib. Bölgənin təhlükəsizliyi təmin edildikdən sonra terror səbəbilə didərgin düşmüş çoxlu sayda mülki şəxs bölgəyə qayıdıb”.
“Barış pınarı” zamanı 600-ə yaxın yaşayış məntəqəsi terrordan təmizlənib
Vurğulanıb ki, Türkiyənin Güney sərhədində yaradılmağa çalışılan terror dəhlizinin məhv edilməsi və bölgəyə sülh və əmin-amanlıq gətirilməsi üçün bu dəfə Suriyanın Quzeyində YPG/PKK və İŞİD terror təşkilatlarına qarşı 9 oktyabr 2019-cu il tarixində “Barış pınarı” əməliyyatı başlanıb: “Mehmetçik əməliyyatın ilk günü saat 22:30-da Tel Abyaddan Fəratın şərqindəki torpaqlara daxil olub. Əməliyyatın dördüncü günü Rasulayn rayon mərkəzi və beşinci gün Tel Abyad rayon mərkəzi YPG/PKK terrorçularından təmizlənib. Əməliyyatla 4 min kv. km-dən çox ərazini əhatə edən 600-ə yaxın yaşayış məntəqəsi terrorçulardan təmizlənib. Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan və ABŞ-ın ovaxtkı vitse-prezidenti Mayk Pens 17 oktyabr 2019-cu il tarixində Ankarada görüşərkən YPG/PKK-nın təhlükəsiz bölgədən çıxarılması üçün “Barış pınarı” əməliyyatını 120 saat müddətinə dayandırmaq barədə razılığa gəliblər. Bu müddətdə çoxlu YPG/PKK üzvü Rasulayndan Hasekeyə təxliyyə edilib”.
Qeyd edək ki, bu əməliyyat çərçivəsində 3 min 829 terrorçu zərərsizləşdirilib: “Türkiyə Silahlı Qüvvələri bölgədə təhlükəsizliyi təmin edərək, terrorçuların yerləşdirdiyi 1 min 185 mina və əldəqayırma partlayıcını məhv etdikdən sonra terror zəminində evlərindən didərgin düşən çoxlu sayda mülki vətəndaş əraziyə qayıdıb”.
Bunlardan əlavə, Türkiyə Astana razılaşmalarına uyğun olaraq atəşkəs müşahidə missiyası üçün İdlibdə olan türk əsgərlərinə qarşı 27 fevral 2020-ci ildə həyata keçirdiyi hava hücumundan sonra əks əməliyyata başlayıb: “Milli Müdafiə naziri Hulusi Akar Suriya sərhədinin sıfır nöqtəsində yerləşən Taktiki Komandanlıq məntəqəsində verdiyi açıqlamada “Bahar kalkanı” əməliyyatının başladığını açıqlayıb. Türkiyə Silahlı Qüvvələri əməliyyat çərçivəsində PUA və SİHA-lardan səmərəli istifadə edərək, rejim və terror təşkilatı PKK/YPG ünsürlərinə qısa zamanda ağır zərbələr vurub. Cümhurbaşqanı R.T.Erdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında martın 5-də Kreml Sarayında keçirilən görüşdən sonra İdlibdə atəşkəs qərarı verilib”.