Son yeniləmə: 28 Noyabr 2022 10:35
BAYRAQDAR MEDİA – Neçə gündür Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarını mədəni şəkildə ədəbli olmağa, ərazisində yerləşdikləri dövlətə hörmətli davranmağa dəvət edir. Amma Quzey ayısı anlamır ki, anlamır.
Hər zamankı xislətidir bu onların. Quzey ayısı yekədir, iridir, güclüdür, amma qanmazdır!
Bunlara deyilir ki, Azərbaycan ərazisindəki yer adlarını Azərbaycan dövlətinin müəyyən etdiyi kimi təqdim etmək lazımdır. Yəni burada anlaşılmayacaq nə var ki? Ən qanmaz adamlar belə bunu anlayar və əməl edər. Çünki bir dövlətin ərazisindəki yer adlarını haradansa gəlmiş hansısa əsgərlər deyil, həmin dövlətin özü müəyyən edər və gəlmələrin də buna hörmətlə yanaşmaq kimi bir borcu var. Əlbəttə, söhbət anlayışlı gəlmələrdən gedir. Daha rus sülhməramsızları kimilərindən deyil…
İndi görürük ki, bunlar bir müddət öncə olduğu kimi, yenə də açıq şəkildə Ermənistanın təbliğat maşını kimi davranırlar. Olmayan “Dağlıq Qarabağ” ifadəsini işlədir, Azərbaycan kənd və şəhərlərini ermənicə adlandırır, hələ utanmadan ərazisində olduqları dövlətə yer adlarıyla bağlı dirəniş də göstərirlər! Həyasızlığın zirvəsi bu olsa gərək!
Biz belə məsələlərə əvvəllər də diqqət çəkmişdik. Sonra məsələ daha da böyümüşdü və ruslar bir az yavaşlamalı olmuşdular. Söhbət həm də Qarabağ bölgəsindəki Amaras məbədindən gedir.
Rus sülhməramlıları Qarabağı “qədim Ermənistan” kimi qələmə verdi
Baxırıq, yenə də bunlar Amarası “qədim Ermənistan məkanı” kimi təqdim edirlər.
Nə yazıq ki, Azərbaycan tərəfdən buna hələ ki, reaksiya yoxdur. Ən azından son günlər geniş tirajlanan etiraz bəyanatlarında buna rast gəlmirik…
Biz əvvəllər də bu məsələnin üzərinə gedərək Azərbaycanın daha fəal reaksiya verməli olduğuna diqqət çəkmişdik. Özü də təkcə Müdafiə Nazirliyi səviyyəsində deyil, eyni zamanda Moskvadakı səfirliyimiz də daxil olmaqla diplomatik maşınımızın işləməsini arzu etmişdik. Nəyi necə etməklə bağlı fikirlərimizi də paylaşmışdıq.
Məsələ həllini tapmayınca yenidən mövzuya qayıtmış, ictimai rəyin onu unutmaması üçün çalışmışdıq.
Ruslar tariximizi saxtalaşdırır, Azərbaycan diplomatiyası isə yatır
Əlbəttə, bütün bu çalışmalar müəyyən hərəkətlənməyə səbəb olmuşdu. Yəni ruslar bir az yavaşlamalı olmuşdular.
Lakin rusun fitnəsi bitərmi? Birməz! Yenə də gəmidə oturub gəmiçi ilə dava edir bu həyasız qövm! Torpaq bizim, onları bura biz dəvət etmişik, güvənmişik, inanmışıq, amma bu həyasız tayfa gəlib burada bizə racon kəsir! Ayı ki, ayı!
Nə etməli? Bundan sonra necə davranmalı?
Bizə görə ilk iş Azərbaycanın rus millətindən olan vətəndaşlarına düşür. Azərbaycan hər kəsin olduğu kimi onların da vətənidir və zəhmət çəkib Moskvadakı həmmillətlərinə başa salsınlar ki, Azərbaycanla belə davranmaq olmaz.
İkinci məsələ isə rus məktəblərinin mərhələli şəkildə sayını azaltmaqdan keçir. İndi ki, bu Quzey ayısı yaxşılıq qanmır, biz də ona bundan sonra yaxşılıq etməyək. Qoy görsün ki, hədsiz həyasızlığı cavabsız qalmır!
Üçüncü və ən əsas məsələ də Laçın yolunun artıq bağlanmasıdır. Bəli, birdəfəlik bağlamaq lazımdır o yolu! Rusları da oraya nəzarətdən uzaqlaşdırmağın vaxtı çatıb.
Kimsə bizə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı xatırlatmasın! O bəyanat elə məhz Rusiyanın sözünə etibarsızlığı üzündən ilk gündən ayaqlar altına atılıb!
Ağzımızda “üçtərəfli” deyirik, amma bəyanatı imzalayanlardan ikisi – Rusiya və onun kiçik bacısı Ermənistan öz imzalarına belə hörmət etməyərək onu ilk gündən ayaq altına atıb. Elə isə biz niyə bəyanat çərçivəsinə sıxışıb qalmalıyıq? Əgər onlar o sənədi heçə sayırsa, bizim də heçə saymaq haqqımız ilk gündən yaranıb!
Yəni demək istəyirik ki, artıq Rusiya sülhməramsızlarını törətdikləri qanunsuz əməllərə, açıq-aşkar sülh prosesinə mane olduqlarına görə torpağımızdan rədd eləməliyik!
Getsinlər! Biz özümüz Qarabağda qalan bir ovuc erməni ilə dil taparıq! Zatən ruslar olmasa ermənilərlə biz türklərin arasında problem də olan deyil. Ermənilər, özlərinin də dediyi kimi, bədbəxt millətdir və hər gələn onların bu bədbəxtliyindən öz faydası üçün istifadə edir. Biz türklər isə həmişə bu bədbəxt milləti başımızın üzərində saxlamışıq. Böyüklüyümüzdən irəli gəlir bu. Biz lap elə ruslar kimi fürsətcil deyilik və heç kimin bədbəxtliyi üzərində özümüzə xoşbəxtlik qurmuruq!
Rusiya ilə münasibətlərdə isə yeni, qəttəzə bir səhifə açmağın vaxtı çatıb. Strateji tərəfdaşlıq, beynəlxalq platformalarda birgə hərəkətdən imtina etmək lazımdır. İtirən biz deyil, onsuz da küncə sıxışdırılmış Rusiya olacaq. Qardaş Türkiyə və digər türk dövlətləri ilə əl-ələ verib bu rus ayısına yerini göstərməsək, bunlardan adam olan deyil…
Sonda: Tatarıstan başda olmaqla Rusiyanın hələ də işğal altında tutduğu bütün türk yurdları azad edilməlidir! Həm də dünya bunun üçün birlikdə çalışmalıdır. Əks təqdirdə bu Quzey ayısı hər keçən gün dünya gəmisini batırmağa davam edəcək…