Son yeniləmə: 28 Noyabr 2022 18:31
Qırğızıstanda keçirilən Xalq Qurultayında Rusiyadan qurtulmağın yolları da müzakirə olunub
BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstanın paytaxtı Bişkekdə 1-ci Xalq Qurultayı keçirilib.
Məlumata əsasən, 25-26 noyabr 2022-ci il tarixlərində Qırğızıstanda ölkə prezidentinin və xalqın bir araya gəldiyi Xalq Qurultayı (Eldik Kurultay) maraqlı müzakirələrlə yadda qalıb.
Qurultayda Qırğızıstan Prezidenti Sadır Caparov ictimaiyyətə illik hesabat verib, iki gün ərzində ölkədən və xaricdən olan nümayəndələrin suallarını və problemlərini dinləyib.
Qurultayda 1 min 72 nəfər -12 ölkədən 924 kişi və 148 qadın nümayəndə iştirak edib. Bundan əlavə, tədbirə ölkənin bütün bölgələrindən nümayəndələr qatılıb.
Ali tədbirdə qonşu dövlətlər arasında sərhəd problemləri, təhsil, səhiyyə, içməli və suvarma suyu təchizatı, kənd təsərrüfatı, fermerlərə kreditlər, əhaliyə xidmət mərkəzlərinin problemləri, ictimai xidmətlərdə rüşvət, köhnə tikililər, daxili yolların vəziyyəti kimi müxtəlif məsələlər müzakirə olunub.
Qurultayda açılış nitqi ilə çıxış edən Prezident S.Caparov, “mən başa düşürəm ki, biz çətin bir dövrdən keçirik. Sərhədimizdə münaqişələr, Kempir Abad bəndi ilə bağlı komandamla ictimaiyyət arasında fikir ayrılığı kimi daxili və xarici problemləri həll etməyə çalışırıq. Ancaq mədəni sahədə boşluqları doldurmağın vaxtı çatıb. Bütün səylərim ölkəmin inkişafı üçündür” deyib.
Münaqişə zonası olan Batken şəhərindən Xalq Qurultayına qatılan Qapır Madaminov sərhəd bölgəsində əhalinin təhsil durumundan danışıb: “İndi biz rus dilində danışmaqdan qurtulmalıyıq. Biz açıq şəkildə bilirik ki, sərhəd münaqişəsinin pərdə arxasında Kremlin barmağı var. Buna göz yummağın xeyri yoxdur. Rus dilindən qurtulmağın yeganə yolu rus siyasətindən qurtulmaqdır. Bizim təşkil etdiyimiz bu tədbir sovet dövründəki görüşlərdən min dəfə üstündür. Hər şeyi üz-üzə danışırıq. Bu sistem davam etməlidir”.
Qurultayın sonunda Prezident S.Caparov nümayəndələr tərəfindən qaldırılan məsələlərin qərar qəbulu mərhələsi ilə bağlı ətraflı açıqlamalar verib.
S.Caparov həmçinin ölkədə mədənçilik fəaliyyəti, orduda və digər sahələrdə şəraitin gücləndirilməsi və yaxşılaşdırılması ilə bağlı mümkün risklərdən danışıb, bütün sualları cavablandırıb. Bundan əlavə, Prezident vurğulayıb ki, dövlət sərhədi məsələləri yalnız danışıqlar yolu ilə həll edilə bilər.