Son yeniləmə: 28 Noyabr 2022 12:05
Əlirza Abdullahi: Bu gün Təbriz başda olmaqla Güney Azərbaycan şəhərlərində insanlar cənab Prezident İlham Əliyevin portretlərini küçə və meydanlara vurur, “Xamneyiyə ölüm” şüarları səsləndirirlər
BAYRAQDAR MEDİA – “İran İslam Respublikası adlanan dövlət qurulduqdan bəri antitürk, anti-Azərbaycan siyasəti həyata keçirib. Əslində, bu, son yüz ildə əsası qoyulan siyasətin mövcud İran rejimi tərəfindən də davam etdirilməsi deməkdir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda ABŞ-ın Florida ştatında yaşayan Güney Azərbaycanlı milli fəal Əlirza Abdullahi deyib. Uzun illər Güney Azərbaycanın azadlığı uğrunda müxtəlif təşkilatların yaranmasında və fəaliyyətində yaxından iştirak edən Əlirza bəy hazırda heç bir siyasi qurumda təmsil olunmur.
Mövcud rejim islamçı hakimiyyət adı altında antitürk siyasətini davam etdirdi
Əslən Urmiyadan olan müsahibimiz deyib ki, İranda bu siyasətin əsasını qoyanlar vaxtı ilə Osmanlı və Qacar türk imperiyalarının devrilməsində yaxından iştirak edən xarici güclər idi: “Düzdür, Türkiyə Cümhuriyyətinin qurulması onların planının bir hissəsini suya düşürdü. Lakin bizdə bir Atatürk olmadı ki, Qacar imperiyasından sonra da hakimiyyətin türklərdə qalmasını təmin edə bilsin. Nəticədə də öncə Pəhləvi şah rejimi, 1979-cu ildən sonra isə İrandakı mövcud rejim islamçı hakimiyyət adı altında antitürk siyasətini davam etdirdi”.
Əslində, bunlar nə İslamı, nə də müsəlmanları düşünürlər
Bildirilib ki, adı İslam Respublikası olsa da, İran rejimi insanlara qarşı amansız davranışı ilə fərqlənir: “Bunlar özlərini guya İslam dünyasının xilaskarı, şiəçiliyin müdafiəçisi kimi təqdim etsələr də, əslində, İslam dünyasında təfriqəçilik salırlar. Eyni zamanda, bunlar İranda bir farsçılıq, pers imperiyasının qurulması eşqindədirlər. Yəni bunların dedikləri ilə əməlləri tamamilə fəqrlidir. Əslində, bunlar nə İslamı, nə də müsəlmanları düşünürlər. Bunları ancaq farsçılıq maraqları düşündürür. Biz bunu Azərbaycana yanaşmada tam çılpaqlığı ilə görürük. Birinci Qarabağ müharibəsində İran üzdə guya Azərbaycanı dəstəklədiyini bəyan etsə də reallıqda Ermənistana hərtərəfli dəstək verirdi”.
İran din pərdəsi altında Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyirdi
Qeyd edilib ki, İran rejiminin əməlləri bununla da tamamlanmır: “İran inanclı azərbaycanlıları aldadaraq kəşfiyyatın toruna salırdı. İran din pərdəsi altında Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyirdi. Cənab Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışı İranın mövcud rejimini ifşa etməklə yanaşı, fars-molla rejiminin bütün əməllərini gün üzünə çıxardı. Məsələ burasındadır ki, İran rejimi, bu rejimin başında duranlar xalqın rifahı üçün hansısa addım atmaq əvəzinə hər zaman süni düşmən obrazı yaratmağa üstünlük verirlər. Məqsəd də xalqın diqqətini daxili problemlərdən yayındırmaq idi. Eyni halı biz son vaxtlar da hiss edirik”.
Bildirilib ki, üç aydır davam edən etirazların qarşısında aciz qalan İran rejimi Azərbaycanla sərhəddə hərbi təlimlər keçirərək bu dəfə də xalqı aldatmaq istəyirdi: “Yəni “ölkəmizin xaricində düşmən var, hamı bir olmalıdır” şousu yaratmaq istəyirdilər. Amma bu dəfə onların planı tamamilə iflasa uğradı”.
Güney Azərbaycan türklərində də özünəinam birə min artıb
Müsahibimiz vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Güney Azərbaycan türklərində də özünəinam birə min artıb: “Bu qələbədən güc alan Güney Azərbaycan türkləri azadlıq və müstəqillik savaşına qalxıblar. Bu gün Güney Azərbaycan tükləri bəyan edirlər ki, bizim bölünmüş torpaqlarımız, bölünmüş vətənimiz gec-tez birləşməli, bütöv Azərbaycan yaranmalıdır”.
Prezident İlham Əliyev İranın dil siyasətini tamamilə ifşa etdi
Əlirza Abdullahi deyib ki, Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında isə İranın dil siyasətini tamamilə ifşa etdi: “Cənab Prezident haqlı olaraq bəyan etdi ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. İran rejiminin iç üzünü açan bir məqamı da qeyd etmək istəyirəm. Təsəvvür edin ki, Güney Azərbbaycalılar üçün doğma dildə bir məktəbin açılmasına icazə verməyən İran rejimi “Səhər” televizyasında Azərbaycan dilində verilişlərin yayımlanmasını təşkil edir. Məqsəd bəllidir: bu “Səhər” vasitəsilə Quzey Azərbaycana qarşı təbliğat aparmaq. Fars-molla rejiminin saxta siyasəti özünü dində də göstərir. Təsəvvür edin ki, Tehranda bir sünni məscidi yoxdur. Bu necə islam ölkəsidir ki, öz paytaxtında bir sünni məscidinin olmasına icazə vermir”.
Turan birliyinin qurulmasında Güney Azərbaycanın da özünəməxsus yeri olacaq
“Lakin artıq dünya dəyişib. Bu gün Turan birliyi qurulmaqdadır. Bunun da əsas təşəbbüskarları prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğandır. Düzdür, İran bundan çox narahatdır. Ona görə də Zəngəzur dəhlizinə qarşı çıxır. İran yaxşı bilir ki, Turan birliyinin qurulmasında Güney Azərbaycanın da özünəməxsus yeri olacaq. Buna görə də İran Güney Azərbaycanın qərb bölgələrində kürdlərin yerləşdirilməsini həyata keçirir. Ancaq bir daha deyirəm ki, artıq dünya dəyişib. Bu gün cənab Prezident İlham Əliyev İranın əməllərini ifşa edir və Güney Azərbaycanlıların sahibsiz olmadığını bildirir. Bu çıxışlar Güney Azərbaycan türklərinə əlavə güc verir. Bunun nəticəsidir ki, bu gün Təbriz başda olmaqla Güney Azərbaycan şəhərlərində insanlar cənab Prezident İlham Əliyevin portretlərini küçə və meydanlara vurur, “Xamneyiyə ölüm” şüarları səsləndirirlər. Bu, İran hakimiyyəti üçün ölüm, iflas, çöküş deməkdir”, – deyə müsahibimiz sonda əlavə edib.