Son yeniləmə: 28 Noyabr 2022 09:46
Emin Həsənli: Əgər Rusiya sülhməramlıları öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, o zaman Azərbaycan dövləti lazım olan addımı atacaq
BAYRAQDAR MEDİA – “Bir neçə dəfə belə hadisələr olub. Hər dəfə də Ermənistan çox sərt cəzalandırılıb. İndi də onlar eyni addımı atırlar. Amma bu, Ermənistana da, separatçı ermənilərə də yaxşı heç nə vəd etmir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib.
O, qeyd edib ki, Rusiya sülhməramlıları öz üzərilərinə götürdükləri öhdəlikləri tam yerinə yetirməyib, separatçıları oradan çıxarmayıblar: “Buna görə də Azərbaycan dövlətinin antiterror əməliyyatları keçirməsinin vacibliyi haqqında fikirlər səslənir. Bu də təbiidir. Əgər Rusiya sülhməramlıları öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmirsə, o zaman Azərbaycan dövləti lazım olan addımı atacaq. Necə ki, uzun illər reallaşdırılmayan BMT qətnamələrinin icrasını məhz Azərbaycan dövləti işğalçı Ermənistana sarsıdıcı zərbə vuraraq reallaşdırdı”.
Bildirilib ki, sülhə məcburetmənin başqa yolu yoxdur: “Əgər razılaşmalara əməl edilmirsə, bircə yol qalır. O da hərbi yoldur. Yəni Azərbaycan dövləti antiterror əməliyyatı keçirərək terrorçuları ərazilərimizdən təmizləyir. Bu əməliyyatdan sonra isə Azərbaycan qanunlarını qəbul edən erməniəsilli vətəndaşlar bu ərazilərdə qalacaq. Qəbul etməyənlər də gedib Ermınistanda yaşaya bilərlər. Bu, regionda əbədi sülhün əldə edilməsi üçün ən optimal yoldur”.
E.Həsənlinin sözlərinə görə, Azərbaycan daxilində separatçılar, terrorçular zərərsizləşdirildikdən sonra, ikinci mərhələdə Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması reallaşdırıla bilər: “Yəni əgər Ermənistan ərazisində Azərbaycan tərəfinə atəş açılmaqda davam edərsə, o zaman Türkiyə Suriya ərazisində bufer zona yaratdığı kimi, Azərbaycan da Ermənistan ərazisində 15-20 kilometrlik bir təhlükəsizlik zolağı yarada bilər. Bu addım beynəlxalq aləm tərəfindən də anlaşıqlı qarşıalanacaq. Çünki Azərbaycan bunu öz vətəndaşlarının və ərazisinin terrorçulardan qorunması üçün edəcək. Heç başqa bir yol da yoxdur. Əgər Ermənistan və onun xarici havadarları bunu istəyirsə, o zaman bir daha Azərbaycanın qətiyyətini görəcək, dəmir yumruğun zərbəsini növbəti dəfə, özü də daha ölümcül şəkildə alacaqlar”.