Son yeniləmə: 26 Noyabr 2022 20:51
BAYRAQDAR MEDİA – Onda da elə idi. SSRİ adlı qan çanağı dağılırdı. Azacıq təhlil bacarığı olanlar anlayırdı ki, belə davam edə bilməz. Ona görə də bu rus imperiyasının çöküşünə hər kəs bacardığı töhfəni verməyə çalışırdı.
Onda da elə idi. Azərbaycanda oturub Azərbaycanın müstəqilliyinə qarşı var qüvvəsi ilə çalışanlar vardı. Sayları da az deyildi. Hər yerdə, hər imkanda hər kəsi inandırmağa çalışırdılar ki, Rusiya olmasa Azərbaycan batar.
Onda da elə idi. Biz belə adamlara qətiyyətlə izah edirdik ki, SSRİ adı altında maskalanan Rusiya imperiyası çökəcək! Onlara deyirdik ki, Azərbaycan müstəqil olacaq! Əlavə də edirdik ki, hələ rus bizdən əlini çəksin, onda görərik russuz batırıq, yoxsa yüksəlirik!
Və illər keçdi. Azərbaycan xalqı bütün çətinlikləri arxada qoyaraq inkişaf yoluna çıxdı. Müstəqil bir dövlətin qürurlu vətəndaşları olaraq biz hər keçən gün başımızı daha da dik tutduq. Bir az da keçdikdən sonra igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında torpaqlarımızı Ermənistanın işğalından azad etdi!
Biz bacardıq! Halbuki onlar onda deyirdilər ki, bacarmarıq! Onlar buna inanmırdılar. Bizim də inamımızı qırmağa çalışırdılar. Əslində isə onların elə əsl məqsədi bizim inamımızı qırıb Rusiya adlı imperiyanın ömrünü uzatmaq idi!
İllər keçdi və onlar da bizim yolumuza üz tutdular. Hətta inkişaf etməkdə olan müstəqil Azərbaycanın süfrəsinin başında indinin özündə belə onlardır! Bu müstəqilliyə inandığı, onun uğrunda çarpışdığı üçün uzun illər ərzində məhrumiyyətlər yaşayanlar bəzən heç yada da düşmür!
Amma olsun! Bunu da qəbul edirik! Bizim məqsədimiz müstəqil Azərbaycan dövlətinin qurulmasına nail olmaq idi. Elə bir Azərbaycanın ki, o Azərbaycana bütün dünyanın ehtiyacı olsun. Elə bir Azərbaycana ki, hər kəs onunla hesablaşsın! Bu gün biz elə bir Azərbaycanın vətəndaşıyıq! Qalanı təfərrüatdır…
İndi də 30-35 il öncəkilərə bənzər adamlar boy verir. Güney Azərbaycandır gündəmdə bu dəfə. Necə ki, 1991-ci ildə Azərbaycan Respublikası rusun caynağından qurtulub dünyanın hesablaşdığı bir dövlətə çevrildi, indi də sıra Güney Azərbaycan Cümhuriyyətinindir. Az qalıb. Lap az! Bu gün, yaxud da sabah biz yeni bir Azərbaycan dövlətinin tarixi torpaqlarımızda elan edilməsinə şahidlik edəcəyik!
İnanırıq buna da! Necə ki, 30-35 il öncə inanaraq bir yolun uğuruna tapınmışdıq, bu gün də Güney məsələsində uğura tapınırıq!
Onlar da boş durmur. 30-35 il öncə bizi rusların köləliyində tutmağa çalışan, sonra müstəqillik faktıyla barışmaq zorunda qalaraq az qala özlərini bu yolun fədaisi elan edənlərin xələfləri bu dəfə Güney məsələsində dirəşiblər!
Amma heyhat! Yenə də uduzan onlar, udanlar da biz olacağıq! 30-35 il öncə olduğu kimi!
Güney Azərbaycanın müstəqilliyini şübhə altına alan, bu yolda yürüyənləri ruhdan salmaq məqsədi güdənlər, sizədir sözüm. Çəkilin ayaq altından! Yoxsa ayaqaltı olarsınız! Güney Azərbaycan Cümhuriyyəti qurulacaq və qurulacaq! Heç kim bunun qarşısını ala bilməyəcək! Nə özünüzü yorun, nə də bizi!
Həm də ona görə ayaq altından çəkilin ki, heç olmasa Güney Azərbaycan məsələsində sabah başınızı başlara qoşmağa üzünüz olsun!
İnanın! Bizim kimi inanın! İnanın ki, Güney Azərbaycan Cümhuriyyəti tezliklə qurulacaq, müstəqil addımlarını atacaq və ardından da Azərbaycan bütövləşəcək!
Şəxsən mən buna inanıram! Bunun üçün çalışıram və hədəfimə çatmadıqca dayanmaq fikrim də yoxdur!
Necə ki, 30-35 il öncə müstəqil Azərbaycan Respublikasına, günün birində Şuşada bayrağımızın dalğalanacağına inanırdım, indi də Güney Azərbaycan Cümhuriyyətinə, Təbrizdə bayrağımızın tezliklə dalğalanacağına inanıram! Siz də inanın!
Dədəli, Xaçmaz