Son yeniləmə: 26 Noyabr 2022 09:55
Alexandro Armenta Mier: Regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Meksika Senatı tərəfindən dəstəklənir
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Meksika Birləşmiş Ştatlarına səfər edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Qeyd edilib ki, E.Əmirbəyov səfər çərçivəsində Meksika Xarici Əlaqələr nazirinin siyasi məsələlər üzrə müavini xanım Karmen Moreno Toskano, Meksika Senatının sədri Alexandro Armenta Mier, Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda, eləcə də Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun, bu ölkənin aparıcı beyin mərkəzlərinin üzvləri və nüfuzlu KİV-in nümayəndələri ilə görüşüb, yerli mətbuata çoxsaylı müsahibələr verib.
“Birinci vitse-prezidentin köməkçisi görüşlər zamanı BMT TŞ qətnamələrinə uyğun olaraq Azərbaycanın 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi nəticəsində 30 ilə yaxın Ermənistanın işğalında olmuş ərazilərini azad edərək öz ərazi bütövlüyünü bərpa etməsi, münaqişənin həllindən sonra bölgədə yaranmış yeni vəziyyət, həmçinin hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan böyük quruculuq və bərpa işləri, orada tikilən “ağıllı şəhərlər” və “ağıllı kəndlər, qısa müddət ərzində inşa edilən hava limanları, icra edilən infrastruktur və nəqliyyat layihələri barədə ətraflı məlumat verib. “E.Əmirbəyov, həmçinin vaxtilə yurd-yuvalarından didərgin salınmış Azərbaycan vətəndaşlarının öz evlərinə qayıtmaları üçün hazırda ciddi maneələrin olduğunu, həmin ərazilərin Ermənistan tərəfindən kütləvi minalandığını, hətta iki il bundan əvvəl İkinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 270-ə yaxın azərbaycanlının həlak olduğunu və ya yaralandığını diqqətə çatdırıb. Bundan əlavə, ərazilərimizin erməni silahlı dəstələri tərəfindən hələ də qanunsuz olaraq minalanmağa davam etdirildiyi, bir neçə gün əvvəl Sarıbaba yüksəkliyinin şimal istiqamətində yerləşən ərazidən 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd piyada əleyhinə minanın aşkar edilməsinin bunun əyani sübutu olduğu vurğulanıb.
“Təcavüz, soyqırımı, etnik təmizləmə və çoxsaylı müharibə cinayətlərinin qurbanı olduqdan sonra belə, Azərbaycanın regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərdiyini, həmçinin regionda təhlükəsizliyin təmin olunması istiqamətində lazımi tədbirlər həyata keçirdiyini qeyd edən E.Əmirbəyov, bu xüsusda Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycan tərəfindən dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı da daxil olan 5 prinsip əsasında hazırlanmış sülh sazişinin imzalanmasının təklif edildiyini bildirib. O həmçinin qeyd edib ki, Azərbaycan hökumətinin göstərdiyi səylərə baxmayaraq, Ermənistan hökuməti tərəfindən verilən son bəyanatlar və atılan addımlar onun sülh prosesində iştirakının qeyri-səmimi olduğunu deməyə əsas verir.
“Görüşlərdə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub, müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin inkişafı üçün böyük potensialın olduğu vurğulanıb, xüsusilə siyasi, iqtisadi-ticari sahələrdə əlaqələrin inkişafının iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə və yeni səviyyəyə yüksəltmək üçün böyük imkanlar yaradacağı diqqətə çatdırılıb. Nümayəndəmiz həmçinin, keçmiş münaqişə dövründə Meksika hökumətinin nümayiş etdirdiyi ədalətli mövqeyə görə təşəkkürünü bildirib və bundan sonra da Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesində Meksika tərəfindən dəstək göstəriləcəyinə inam ifadə edilib.
“Meksika rəsmiləri Azərbaycan Prezidentinin nümayəndəsinin səfərinin ikitərəfli münasibətlərə müsbət təsir edəcəyini qeyd edərək, Azərbaycan hökumətinin Meksika ilə münasibətlərə göstərdiyi bu diqqətə görə məmnunluqlarını bildiriblər. Meksika Xarici Əlaqələr nazirinin müavini xanım Karmen Moreno Toskano Azərbaycan ilə Meksika arasında əməkdaşlığın, xüsusilə, iqtisadi-ticari, enerji, investisiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün lazımi potensialın mövcud olduğunu diqqətə çatdırıb. O, Meksikanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Cənubi Qafqazda sülh prosesinə dəstəyini davam etdirəcəyini bildirib və Azərbaycanın regionda davamlı sülhə nail olacağına ümidini ifadə edib.
“Meksika Senatının sədri Alexandro Armenta Mier Azərbaycan və Meksika arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, əsasən hər iki ölkənin mədəni və ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Meksikanın daim beynəlxalq hüquq normalarından çıxış etdiyini qeyd edən senator, regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən atılan addımların Meksika Senatı tərəfindən dəstəkləndiyini qeyd edib.
“Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migel Anxel Navarrete Azərbaycanın Meksika üçün daim dost ölkə olduğunu, Mexiko şəhərinin Tlakskoake meydanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin, eləcə də Mexiko şəhərinin mərkəzi küçələrinin birində salınmış Meksika-Azərbaycan Dostluq Parkının bunun bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Deputat həmçinin, öz əzəli torpaqlarını erməni işğalından azad etdikdən sonra qısa müddət ərzində evlərindən, yurd-yuvalarından didərgin salınmış insanların öz torpaqlarına qayıtmasını təmin edilməsi məqsədilə, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması istiqamətində əldə etdiyi nailiyyətlərin, o cümlədən, sadəcə iki il müddətində həmin ərazilərə “ağıllı şəhərlərin” salınmasının, iki beynəlxalq hava limanının tikilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
“Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Xavyer Kasige Zarate Meksikanın daima beynəlxalq hüququn prinsiplərinə sadiq olduğunu bildirərək, regionda davamlı sülhün əldə olunması istiqamətində Azərbaycan tərəfindən atılan konstruktiv addımların da Meksika hökuməti tərəfindən dəstəklənəcəyinə əminliyini ifadə edib.
“Meksika Deputatlar Palatasının sədri Santyaqo Kril Miranda Azərbaycan dövlətinin sülh uğrunda apardığı təşəbbüslərin təqdirəlayiq olduğunu qeyd edib, Meksika hökumətinin hər zaman digər ölkələrin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığını və davamlı sülhün tərəfdarı olduğunu nəzərə alaraq, bu məsələdə də Azərbaycan hökumətini dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib”, – deyə məlumatda bildirilib.