Məcid Cavadi: Biz bir daha bu cür qətiyyətli mövqeyə görə Prezident İlham Əliyevə minnətdarıq
BAYRAQDAR MEDİA – “Cənab Prezident İlham Əliyev haqlı olataq deyib ki, biz İrandan qorxmuruq. Prezident onu da deyib ki, biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Biz bir daha bu cür qətiyyətli mövqeyə görə cənab Prezident İlham Əliyevə minnətdarlıq edirik”.
Bunu Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışındakı məqamları dəyərləndirən Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.
Xatırladaq ki, çıxışında İranın son zamanlardakı davranışlarına da toxunan Prezident İlham Əliyev “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi” deyib.
Dövlət başçısı bildirib ki, “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanata və hərəkətə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.
İ.Əliyev həmçinin qeyd edib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur: “Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.
BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında M.Cavadi, “Cənab Prezident İlham Əliyev haqlı olaraq Güney Azərbaycanlıların haqlarının tapdandığını gündəmə gətirib. İranda tədrisin erməni dilində aparıldığı məktəblər olduğu halda, Azərbaycan dilində tədrisin olduğu məktəbin yoxluğuna diqqəti çəkib. Mən keçən dəfə də bu məsələni qeyd etmişdim ki, artıq müasir zamanda insan haqları heç bir dövlətin daxili məsələsi deyil. Cənab Prezidentin Güney Azərbaycan türklərinin haqlarını müdafiə etməsi də beynəlxalq standartlara, hüquq prinsiplərinə çox uyğun bir məsələdir. Çox doğru bir yanaşmadır. Biz bunu dəstəkləyirik. Bunu dünyada heç kim başqa ölkənin daxili işlərinə müdaxilə kimi görmür”.
“Qeyd etdiyim kimi, insan haqları beynəlxalq məsələdir və cənab Prezidentin çıxışında toxunduğu da insan haqları məsələsidir. Amma təbii ki, İran bunu düşmənlik məsələsinə çevirərsə və Quzey Azərbaycana qarşı yenidən hansısa addım atmaq istəyərsə, onu da çox yaxşı bilməlidir ki, orada Güney Azərbaycanlılar var. İran əhalisinin ümumi sayının 40 faizini təşkil edən Güney Azərbaycanlılar lazım olan anda İrana lazım olan cavabı verəcəklər. Necə ki, bunu biz Vətən müharibəsi zamanı etmişik, indi də edəcəyik. Necə ki, müharibə zamanı Güney Azərbaycan türkləri küçələrə çıxaraq İranın Ermənistana dəstəyinə mane oldular, necə ki, hərbi təlimlər zamanı İran ordusunda olan Güney Azərbaycan türkləri Azərbaycana dəstəklərini bozqurd işarələri ilə nümayiş etdirdilər, indi də eyni qətiyyətli mövqe sərgilənəcək. Faşist İran rejimi bunu unutmamalıdır”.