Zeynel Abidin Kıymaz: KKTC Cümhurbaşqanının konfransda çıxışı haqlı mübarizəmizin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Türkiyəyə növbəti səfərdədir. Səfər proqramı çərçivəsində o, noyabrın 25-də Adıyamanda olacaq.
E.Tatar, GAP Gazeteciler Birliğində jurnalistlərlə görüşəcək, daha sonra Adıyaman Universitetində “Akdenizdəki son hadisələr çərçivəsində mavi vətən və Kıbrıs” mövzusunda konfransda çıxış edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya GAP Gazeteciler Birliğinin başqanı Zeynel Abidin Kıymaz məlumat verib. O, qeyd edib ki, Adıyaman Universiteti Rektorluğunun konfrans zalında keçiriləcək tədbirin təşkilatçısı GAP Gazeteciler Birliğidir.
Z.A.Kıymaz konfansda müzakirə ediləcək mövzunun günümüzdə xüsusi önəm kəsb etdiyini bildirib. “Bu gün Türkiyə ölkəmizi Doğu Akdenizdə sıxışdırmaq, Doğu Akdeniz və Ege dənizinin təbii sərvətlərini, yeraltı sərvətlərini istismar etmək istəyən, Türkiyənin hüquq və mənafelərini onların arasında bölüşdürməyə çalışan müstəmləkəçi dövlət və təşkilatlara qarşı böyük mübarizə aparır. Türkiyə və KKTC-nin bu sahədə haqlı davasını dünya ictimaiyyətinə çatdırmaq üçün qeyri-hökumət təşkilatlarının da üzərinə böyük vəzifə düşür”.
“Biz də GAP Gazeteciler Birliği olaraq belə bir konfransın keçirilməsini vacib saydıq. İnanırıq ki, sayın Cümhurbaşqanı Ersin Tatarın konfransdakı çıxışı əhəmiyyətli olacaq. Bir sözlə, hesab edirəm ki, KKTC Cümhurbaşqanının konfransda çıxışı haqlı mübarizəmizin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edəcək”, – deyə o, əlavə edib.
Qeyd edilib ki, yerli vaxtla saat 14:30-da olacaq konfransı izləmək üçün bölgədən Adıyamana çoxlu sayda jurnalistin gələcəyi gözlənilir.