Dr. Yücel Karauz: Türkiyə-Azərbaycan qardaşlığı sözdə deyil, realda da hər zaman öz sözünü deyir, bundan sonra da deyəcək
BAYRAQDAR MEDİA – “Vətən müharibəsi davam edərkən cənab Ali Baş Komandan İlham Əliyev “biz bir millət, iki dövlətik. Lazım gələrsə bir millət bir dövlət olmağı da bilirik” demişdi. Həmçinin Vətən savaşındakı tarixi zəfərdən sonra Bakıda keçirilən və Azərbaycanla Türkiyə prezidentlərinin də iştirak etdiyi hərbi paradda cənab Ali Baş Komandan, “biz Türkiyənin ordu modelinə keçəcəyik” demişdi”.
Bunu BAYRAQDAR MEDİA üçün açıqlamasında Prezident İlham Əliyevin noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı dediyi “Bizim ordumuz Türkiyənin, Türkiyənin ordusu da bizimdir” sözlərini dəyərləndirən Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin hərbi paraddakı çıxışından sonra real addımlar atıldı: “Azərbaycanda Türkiyə ordusunun strukturuna bənzər Quru Qoşunları Komandanlığı yaradıldı. Komando birlikləri yaradıldı. Milli Müdafiə Universiteti yaradıldı. Eyni zamanda bir sıra lazımi islahatlar reallaşdırıldı. Onu da deyim ki, Türkiyə Cümhurbaşqanı sayın Recep Tayyip Erdoğan da istər müharibə zamanı, istərsə də müharibədən sonra, “Azərbaycan bizi harada görürsə, biz oradayıq. Bizim nəyimiz varsa Azərbaycanındır, Azərbaycanın da nəyi varsa Türkiyənindir” dedi. Bu istəklər, fikirlər Şuşa Bəyannaməsi ilə rəsmi təsdiqini tapdı, əbədilik və dönməzlik qazandı. Dünyada heç bir digər iki ölkə arasında olmayan bir müttəfiqlik, qardaşlıq sənədi imzalandı”.
Dr. Y.Karauzun sözlərinə görə, buna sıradan bir məsələ kimi baxmaq olmaz: “Bu sənəd o anlamdadır ki, Ankaranın təhlükəsizliyi Bakıdan, Bakının təhlükəsizliyi isə Ankaradan keçər. Təbii ki, cənab Prezident İlham Əliyevin “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bəyan etdiyi kimi, Türkiyənin ordusu Azərbaycanın, Azərbaycanın ordusu isə Türkiyənindir. Yəni burada ayrı söhbət gedə bilməz. Bunu dostlarımız da, düşmənlərimiz də bilməlidir. Bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan qardaşlığı sözdə deyil, realda da hər zaman öz sözünü deyir, bundan sonra da deyəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. Allah bu qardaşlığımızı qorusun. Birlikdən güc alaraq dəmir kimi möhkəmlənən yumruqlarımız daim havada olsun”.