Press "Enter" to skip to content

İlham Əliyevin çıxışları Güney Azərbaycanda böyük sevinclə qarşılanır

Dr. Elyar Makuyi

Son yeniləmə: 25 Noyabr 2022 15:56

Dr. Elyar Makuyi: Əminəm ki, cənab Prezidentin çıxışları Güney Azərbaycan türklüyünün müstəqilliyinə və azadlığına qovuşması istiqamətində böyük rol oynayacaq

BAYRAQDAR MEDİA – “İranda fars-molla rejiminə qarşı aksiyalar artıq üçüncü ayına qədəm qoyub. O da kimsəyə sirr deyil ki, başqa millətlərdən fərqli olaraq Güney Azərbaycan türklərinin yeganə hədəfi azadlığa qovuşmaqdır. Əslində Güney Azərbaycanda azadlıq, müstəqillik uğrunda mübarizə son 90 ildə davam etməkdədir”.

Bunu Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bəzi məqamları dəyərləndirən Güney Azərbaycandan olan milli fəal, hazırda Türkiyədə yaşayan, Ülkü Ocakları genel başqan yardımçısı Dr. Elyar Makuyi deyib.

Xatırladaq ki, çıxışında İranın son zamanlardakı davranışlarına da toxunan Prezident İlham Əliyev, “Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi”, – deyib.

Dövlətimizin başçısı bildirib ki, “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

İ.Əliyev həmçinin qeyd edib ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur: “Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.

Öz növəbsində BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Dr. Elyar Makuyi deyib ki, 30 il öncə Quzey Azərbaycanın müstəqilliyinə, azadlığına qovuşması Güney Azərbaycanda milli oyanışı daha da gücləndirib: “Yuxarıda bəhs etdiyimiz son hadislər zamanı da Güney Azərbaycan türkləri müstəqillik və azadlıq mübarizəsinə qalxıblar. Nə mutlu bizlərə ki, bu yolda cənab Prezident İlham Əliyev Güney Azərbaycan türklərinin yanında olduğunu bəyan edib. Özü də cənab Prezident bunu beynəlxalq tədbirlər çərçivəsində bəyan edib. Birinci dəfə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşündəki çıxışında Güney Azərbaycan məsələsini önə çəkən cənab Prezident noyabrın 25-də yenə də beynəlxalq bir tədbirdə – “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında dünyanın diqqətini Güney Azərbaycana, burada Azərbaycan dilində tədrisin olduğu məktəbin olmamasına yönəldib”.

Müsahibimiz qeyd edib ki, cənab Prezidentin birinci çıxışı Güney Azərbaycan türklərində özlərinə inamı daha da artırıb. Bugünkü çıxış da 40 milyonluq Güney Azərbaycanda böyük sevinc və qürurla qarşılanıb. Əminəm ki, cənab Prezidentin bu çıxışları Güney Azərbaycan türklüyünün müstəqilliyinə və azadlığına qovuşması istiqamətində böyük rol oynayacaq. Hər zaman türklüyə qarşı siyasət yeridən, son 30 ildə isə Azərbaycan və türklük düşməni olan Ermənistana hərtərəfli dəstək verən İran törətdiyi əməllərin cavabını bir gün verməli olacağını unutmamalıydı. Əminəm ki, Güney və Güzey Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi ilə irəliyə gedərək yeni uğurlar qazanacaq və bütövlüyünə qovuşacaq”.

Mission News Theme by Compete Themes.