BAYRAQDAR MEDİA – “Məktəbdə…” layihəsində növbəti görüş Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və “Kaspi.az” saytının informasiya dəstəyi ilə həyata keçirilən layihənin budəfəki qonağı “ASAN Radio”nun direktoru, jurnalist, radio və televiziya aparıcısı Emin Musavi olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 24-də qurumun mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, qonaq əvvəlcə məzunu olduğu məktəblə tanış olub, ona dərs deyən müəllimləri ilə görüşüb, söhbətləşib: “Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə E.Musavi məktəb illəri, sevimli müəllimləri ilə bağlı xatirələrindən, məktəb həyatında yadda qalan hadisələrdən söz açıb. Qonaq hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin vacibliyindən, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillərdən, mütaliənin üstünlüklərindən, informasiyanın insan həyatındakı rolundan, öyrədici informasiyanı seçmək bacarığından danışıb, şagirdləri düşündürən suallara aydınlıq gətirib”.