BAYRAQDAR MEDİA – Şuşa ili çərçivəsində Türkiyə Cümhurbaşqanlığının Millət Kitabxanasında kitab təqdimatı və konfrans keçirilib. Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı, İrs Mətbuat Evi və Paşa Həyat Sığorta ASC-nin dəstəyi ilə olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.
Məlumata əsasən, rəsmi şəxslərin, diplomatik korpus nümayəndələrinin və elm adamlarının qatıldığı tədbirdən öncə Millət Kitabxanasındakı Azərbaycan guşəsinin genişləndirilmiş versiyasının açılışı olub: “Açılışda iştirakçılara guşədəki kitablar barədə məlumat verilib. Bildirilib ki, səfirlik tərəfindən guşəyə çox sayda kitablar hədiyyə edilib və bu ənənə davam etdiriləcəkdir”.
Daha sonra tədbir iştirakçıları konfrans zalının girişində Azərbaycan mövzulu foto və kitab sərgisi ilə tanış olublar. Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə başlayan konfransda səfir Rəşad Məmmədov, Türkiyə Cümhurbaşqanının Baş müşaviri Yalçın Topçu, Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Selçuk Karakılıç və Türkiyə Cümhurbaşqanlığının rəsmisi Mehmet Tuncer çıxış ediblər. Natiqlər Paşa Həyat Sığorta ASC-nin dəstəyi ilə İrs Mətbuat Evi türk dilində nəşr edilmiş “Salam, Azərbaycan” və “Qarabağın qara kitabı”nın əhəmiyyəti barədə danışıblar.
İrs Mətbuat Evinin direktoru Musa Mərcanlı çıxışında kitabların hazırlanması ideyası və prosesi barədə məlumat verib.
Türkiyə Cümhurbaşqanı yanında Təhlükəsizlik və xarici siyasət şurasının üzvü Aygün Attar konfransda çıxış edərək, hər iki kitab barədə geniş məlumat verib.
Konfransın sonunda kitabların hazırlanması və təqdimatında dəstək göstərən şəxslərə təltifnamələr təqdim edilib.