Press "Enter" to skip to content

Güney Azərbaycan hərəkatı tam bir istiqlal mübarizəsinə çevriləcək

Eldar Qaradağlı

Son yeniləmə: 24 Noyabr 2022 16:31

Eldar Qaradağlı: Mövcud İran rejimi bunun qarşısını almaq gücündə deyil və gec-tez inqilab öz hədəfinə çatacaq

BAYRAQDAR MEDİA – “Güney Azərbaycanda baş verən hadisələr üçüncü ayına qədəm qoyub. Bu artıq bir inqilaba çevrilir. Bu inqilabi hərəkat hər keçən gün daha bir yeniliklə müşahidə edilir. Ümumiyyətlə, istər Güney Azərbaycanda, istərsə də İran adlanan ölkənin digər ərazilərində etirazçılara qarşı amansız davranış qaniçən rejimin sonunu daha da yaxınlaşdırır”.

Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının sədri, hazırda İsveçdə yaşayan Eldar Qaradağlı deyib.

İran rejimi bir inqilabla baş-başadır

Onun sözlərinə görə, bu gün İran rejimi bir inqilabla baş-başadır: “Mövcud İran rejimi bunun qarşısını almaq gücündə deyil və gec-tez inqilab öz hədəfinə çatacaq. Bu inqilab fars-molla rejiminin sonunu gətirəcək. Amma bu zaman elə etmək lazımdır ki, ümumiyyətlə bölgə İran adlı qaniçən dövlətdən xilas olsun. 1925-ci ildən sonra meydana gələn bu dövlət regiona ancaq qan, qeyri-sabitlik verib”.

Güney Azərbaycan bu fürsətdən lazımi şəkildə yararlanmalıdır

E.Qaradağlı deyib ki, Güney Azərbaycan bu fürsətdən lazımi şəkildə yararlanmalıdır: “Bunun üçün də bizim hər birimizin üzərinə böyük vəzifələr düşür. Bu təcrübə meydanında Güney Azərbaycan türklərinin hansı səviyyədə iştirak edəcəyi çox önəmlidir. Təbii ki, bizim savaşımız bu rejimin getməsi ilə bitmir. Çünki indi bu rejimin başqa bir faşist rejimlə əvəzlənməsi üzərində çox çalışırlar. Özü də bu plan üzərində Qərb ölkələrində çalışırlar”.

Bu olmasa biz hədəfimizə çata bilmərik

Bildirilib ki, bunun baş verməməsi üçün də mübarizə aparılmalıdır: “Yəni Güney Azərbaycanın mübarizəsi tam bir istiqlal mübarizəsinə çevriləcək. Bu olmasa biz hədəfimizə çata bilmərik. Buna görə də milli hərəkatımız başlanılan mübarizəni əzmlə davam etdirməlidir”.

E.Qaradağlının sözlərinə görə, Güney Azərbaycan türklərinin və milli hərəkatın ayıq-sayıq olması da vacibdir.

İndiki mərhələdə əsas hədəf Güneyin öz azadlığına qovuşmasıdır

Gələcəkdə Güneylə Quzeyin birliyinə gəlincə, E.Qaradağlı deyib ki, indiki mərhələdə əsas hədəf Güneyin öz azadlığına qovuşması, yəni Güney Azərbaycan Cümhuriyyətinin elan olunmasıdır: “Onu da deyim ki, Güney Azərbaycan müstəqil olacağı, yəni Güney Azərbaycan Cümhuriyyəti elan olunacağı təqdirdə bu dövlətin ayaqda durması üçün kifayət qədər yeraltı və yerüstü sərvətlərimiz var. Beləliklə, ilkin mərhələdə iki dövlət kimi fəaliyyətimizi davam etdirməli, ondan sonra iki dövlətimiz arasında olan vəhdəti bütünləşmə mərhələsinə keçirməliyik. Yəni Azərbaycan Respublikası ilə Güney Azərbaycan Cümhuriyyəti arasında gələcəkdə konfederasiya qurula, yaxud da bir dövlət halında birləşmə ola bilər. Təbii ki, bizim ən böyük arzumuz və amalımız bütövlüyümüzə nail olmaq, 1813 və 1828-ci ildə imzalanmış müqavilələrlə ikiyə bölünmüş vətənimizi, xalqımızı, ruhumuzu yenidən birləşdirməkdir”.

Güney Azərbaycan türkləri bu mübarizədə cənab İlham Əliyevə və Recep Tayyip Erdoğana güvənir

Müsahibimiz onu da deyib ki, bu gün Güney Azərbaycan türkləri bu mübarizədə cənab prezidentlər İlham Əliyev və Recep Tayyip Erdoğana güvənir, onlardan dəstək gözləyir: “Mən bu məqsədlə noyabrın 15-də hər iki prezidentə müraciət etdim. Müraciətdə qeyd etmişəm ki, Güney Azərbaycan nəhayət ki, bu faşist rejimdən qurtulmaq istəyir. Güney Azərbaycanın bu yolda hər iki dövlət başçısının dəstəyinə ehtiyacının olduğunu bildirmişəm. “Çünki son 20 ildə qarşımızı kəsməyə, ümidimizi çalmağa çalışan farsçı sistemin bütün antibəşəri çabalarına rəğmən, kimliyimizi, milli mənliyimizi və dövlətçilik duyğumuzu bizə yaşadan Türkiyə və Azərbaycan kimi dövlətlərimizi yanımızda görürük. Biz inanırıq ki, özgür Güney Azərbaycan dövlətçilik ideyası yalnız Azərbaycanın Güneyində deyil, eləcə də Türkiyə və Azərbaycan Respublikası vətəndaşları içində də böyük varlıq yanğısı oyandırır. Dəyərli cümhurbaşqanlarımız, ayrıca buna da əminik ki, qurulacaq Güney Azərbaycan Türk Cümhuriyyətini tanıyan ilk Sizlər olacaqsınız. Bu da Güneydə savaşan sizin soydaşlarınızın çox keçmədən milli qurtuluş zəfərinə nail olmasının göstərgəsidir. Biz buna inanırıq ki, az bir zaman içində Yaxın Şərqdə və Avrasiyada yenidən doğacaq Bütöv Azərbaycan ulduzu parlayacaqdır. Azərbaycan türk milləti tarix boyu türk dövlətlərinin ən böyük qollarından biri olsa da artıq özünün böyük dövlətini qurmaq niyyətindədir” deyə müraciətimdə qeyd etmişəm”.

Vacib olan 8 istiqamət

E.Qaradağlı bildirib ki, həmin müraciətin sonunda Güney Azərbaycanın öz azadlığına qovuşması üçün vacib olan 8 istiqamət üzrə dəstəyin göstərilməsi xahişi də öz əksini tapıb: “Hesab edirik ki, ilk növbədə media dəstəyi göstərilməlidir. Güney Azərbaycan gərçəklərini dünyaya yayğınca yaymaq üçün bağımsız media orqanının qurulması vacibdir ki, bu məsələdə də iki dövlət başçısının dəstəyinə ümid edirik. İkincisi, Azərbaycan Milli Hərəkatının Güneyin milli qurtuluşunun ana hərəkatı olaraq dünya üzrə qəbul edilməsi üçün bir sıra addımlar atılmalıdır. Üçüncüsü, Güneyli gənclərin Türkiyə və Azərbaycanda pulsuz ali təhsil almasına imkanlar yaradılmalıdır. Bu, gələcəkdə müstəqil Güney Azərbaycan Cümhuriyyətinin kadr bazasının yaradılmasına kömək ola bilər”.

Qeyd edilib ki, dördüncü məsələ olaraq, Güney Azərbaycanlıların iranlı deyil, Azərbaycan türkü kimi dünyada da tanınması üçün işlər görülməldir: “Beşincisi, farsçı İran rejiminin təqibindən qaçaraq Türkiyə və Azərbaycana gələnləri siyasi mühacir kimi deyil, soydaşlar kimi qəbul etmək lazımdır. Altıncısı, uluslararası siyasi toplantılarda Güney Azərbaycan gərçəklərinin iki prezidentimizin ağzından eşidilməsi Güneyin ayaqda qalması üçün ən güclü diplomatik həmlədir. AMH adından Ankarada, İstanbulda və Bakıda tez-tez Güney Azərbaycan mövzusunda konfransların keçirilməsi çox gərəklidir. Nəhayət, Türkiyə və Azərbaycanda yaşayan Güneyli soydaşların hüquqi vəziyyətləri tezliklə ələ alınmalıdır. Vətəndaşlıq şansından məhrum qalan soydaşların vətəndaşlığa girməsi təmin edilməli, özlərinə və uşaqlarına bir vətəndaş kimi yaşam haqqı tanınması gərəkdir. Əminəm ki, qeyd etdiyimiz bu məsələlərin reallaşmasında hər iki cümhurbaşqanı öz dəstəklərini göstərəcəklər”.

Mission News Theme by Compete Themes.