Press "Enter" to skip to content

Təbrizin Göy məscidi də Ağdam məscidinin taleyini yaşayır

Savaş Mərəndli

Son yeniləmə: 11 Dekabr 2022 14:47

Savaş Mərəndli: Qədim tariximiz və mədəniyyətimiz baxımsızlıq, düşmən yanaşma ucbatından məhv edilir

BAYRAQDAR MEDİA – “Təbrizin mərkəzində incəsənət və memarlığın şah əsəri sayılan Göy məscid, XV əsr Qaraqoyunlular dövrünə aid tarixi məscidlərindən biri sayılır. Lakin bu gün İranın fars-molla rejiminin Azərbaycana bütün sahələrdə qənim kəsilməsi bu məscidə də öz təsirini göstərir. Bu gün onun viranə qalmış halı heç də Ağdam Cümə məscidinin ermənilər tərəfindən dağıdılmış halından fərqli deyil”.

Baxımsızlıq ucbatından bu hala düşən Təbrizdəki Göy məscid
Baxımsızlıq ucbatından bu hala düşən Təbrizdəki Göy məscid

Bunu BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan İstiqlal Partiyasının Böyük Britaniyadakı nümayəndəsi, Güney Azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli bildirib.

S.Mərəndli, “amma bütün bunlara tezliklə son qoyulacaq. Necə ki, torpaqlarımızı işğaldan qurtarararq Ağdam Cümə məscidini bərpa etdik, eləcə də çox yaxında Təbrizin Göy məscidini də düşmənin əlindən qurtarıb bərpa edəcəyik” deyib.

Fars-molla rejiminin düşmən münasibətindən nəsibini alan Ərk qalası
Fars-molla rejiminin düşmən münasibətindən nəsibini alan Ərk qalası

İranın fars-molla rejiminin məhz Azərbaycana aid tarixi-dini abidələrə düşmən münasibət sərgilədiyini deyən müsahibimiz maraqlı bir məqama da toxunub: “Bu düşmənlik eyni zamanda, tarixi Ərk qalasına qarşı da edilir. Mən sizə iki foto təqdim edəcəyəm. Bunlardan birincisi Ərk qalasının bugünkü halını, digəri isə Xomeyninin qəbirüstü mavzoleyini əks etdirir. Terrorçuluq üzərində qurulan İran fars-mollar rejiminin liderinin, əslində isə dinə tam zidd olan birinin qəbri bəzənmiş və donanmış bir şəkildə olduğu halda, bizim 700 illik tariximiz baxımsızlıq, düşmən yanaşma ucbatından məhv edilir”.

İmam Xomeyni məqbərəsi
İmam Xomeyni məqbərəsi

S.Mərəndli vurğulayıb ki, bu cür düşmən yanaşma təkcə məqbərələrə aid deyil: “Bütün türklüyə aid olan körpülər belə yerlə yeksan edilir ki, tarixdən silinsinlər. Məsələn, yuxarıda qeyd etdiyimiz Ərk qalası. Həmçinin, Həsən Paşa tarixi abidəsi. Təbrizdə yerləşən 700 illik Həsən Paşa tarixi abidəsi acınacaqlı durumdadır. Tarixi abidələr barədə qanunun ziddinə olaraq 700 illik abidənin yaxınlığında tikilməkdə olan çoxqatlı bina onun görüntüsünü pozmaqla yanaşı daha çox zədələnməsinə səbəb olur”.

“Mən bu sıraya təbii sərvətlərimizi də əlavə edə bilərəm. Urmiya gölünün məhz Güney Azərbaycan türklərinə, Güney Azərbaycan ərazisinə aid olduğu üçün fars-molla rejiminin qeyri-insani yanaşmasına məruz qaldığı kimsəyə sirr deyil. Yəni bu rejim təkcə insanlara deyil, türk adına, Güney Azərbaycan adına nə varsa – tarixi-dini abidələrə, hətta təbiətə belə qənim kəsilib”, – deyə o, sonda əlavə edib.

Mission News Theme by Compete Themes.