Son yeniləmə: 23 Noyabr 2022 09:32
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar Türkiyəyə səfərə gedib.
Bu barədə verilən məlumatda deyilir ki, E.Tatar səfər zamanı bir sıra tədbirlərdə iştirak edəcək.
Məlumata əsasən, KKTC Cümhurbaşqanı səfəri çərçivəsində Diyarbakır Bağlar Bələdiyyəsində Ersin Tatar Parkının açılış mərasimində iştirak edəcək, həmçinin GAP GAP Gazeteciler Birliğində mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.
Bundan əlavə, E.Tatar proqramı çərçivəsində Diyarbakır Decle Universitetində, Malatya İnönü Universitetində və Adıyaman Universitetində “Doğu Akdenizdəki inkişaflar çərçivəsində Mavi Vətən və Kıbrıs” mövzusunda konfrans verəcək. İnönü Universitetinin 2022-23-cü tədris ili üçün açılış mərasimində də iştirak edəcək E.Tatara Dicle və İnönü universitetlərinin fəxri doktoru diplomu təqdim olunacaq. E.Tatar universitetlərin rektorları ilə də görüşəcək.
KKTC Cümhurbaşqanı proqramı çərçivəsində bölgə rəhbərliyi ilə də görüşəcək, Malatyada yaşayan Kıbrıs şəhidi Seçki Kılıçaslanın ailəsini ziyarət edəcək, səfər edəcəyi şəhərlərdə qazilərlə görüşlər keçirəcək.
Səfər çərçivəsində Gaziantepə də gedəcək E.Tatar KKTC-nin 39-cu il dönümü münasibətilə veriləcək rəsmi qəbulda da iştirak edəcək.
E.Tatarın proqramını başa vurduqdan sonra şənbə günü günorta saatlarında adaya dönəcəyi gözlənilir.