Son yeniləmə: 23 Noyabr 2022 13:18
BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 27-də peşəkar mühasib sertifikatı imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) keçirəcək.
Bu barədə DİM-dən məlumat verilib.
Məlumatda bildirilib ki, imtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 586 (KOSS-185, MHBS-190, İSMHBS-211) nəfər müraciət edib: “İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır. Üç saat davam edəcək imtahanda 40 test tapşırığı təqdim ediləcək. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir”.
Məlumata əsasən, imtahana buraxılış vərəqəsini DİM-in saytından çap etmək olar: “Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edirik kitabça ilə mütləq tanış olsunlar. Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
– imtahana buraxılış vərəqəsi;
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 3 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 3 ümumi imtahan rəhbəri, 6 imtahan rəhbəri, 54 nəzarətçi müəllim, 6 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub”.