BAYRAQDAR MEDİA – Xəbər verildiyi kimi 28 və 29 noyabr tarixlərində Gürcüstanın Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qonağı olacaq. Gürcü teatrının kollektivi dünya şöhrətli yazıçı Lev Tolstoyun “Kreyser Sonatası” əsəri əsasında eyniadlı tamaşanı nümayiş etdirəcək.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrından bildirilib ki, tamaşa 25-30 noyabr tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Teatro.az” sənət portalının “Şuşa ili”nə həsr etdiyi “4.4” Qısa Tamaşalar Festivalı çərçivəsində təqdim olunacaq: “Qeyd edək ki, tamaşanın quruluşçu rejissorları Levan Tsuladze və Temo Kupravadır. Səhnə əsərinin xoreoqrafı Tinatin Tsuladze, musiqi tərtibatçısı Zura Qaqloşvili, videomühəndisi David Dvalişvili, səs operatoru Lia Şilakadze, işıq operatorları Tamaz Dudaşvili, Gela Mumladze, rejissor assistenti Nino Jorjolianidir”.
Məlumata əsasən, 2 il öncə hazırlanan maraqlı və qeyri-adi süjet xəttinə malik olan bu tamaşada Gürcüstanın tanınmış aktyorları Nika Kuçava, Ana Vasadze, Manana Kozakova-Tsuladze, Ketevan Tsxakaya, Besiki Barataşvili Georgi (Jaba) Kiladze, Maryam Tskipurişvili iştirak edirlər.
O da vurğulanıb ki, “Kreyser Sonatası” tamaşasına baxmaq istəyən teatrsevərlər biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə edə bilərlər.