Son yeniləmə: 23 Noyabr 2022 11:02
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin 10 ayında 40 minə yaxın şəxsə düzgün peşə seçimi və karyera inkişafına dəstək məqsədilə peşəyönümü məsləhət xidməti göstərilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 23-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 1600 nəfəri “Alo Karyera” dəstək xidməti çərçivəsində, 38,3 minə yaxını Agentliyin Regional Məşğulluq filialları tərəfindən peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub: “Həmin şəxslər karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq kimi mövzular barədə məlumatlandırılıb.
Agentliyin Mərkəzi Karyera filialı tərəfindən Bakıda və bölgələrdə vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar da təşkil olunub. İşsiz şəxslər, şagirdlər, tələbələr, abituriyentlər və digər iştirakçıların qatıldığı tədbirlərdə ümumilikdə 16 minə yaxın şəxsə peşəyönümü xidməti göstərilib”.
Agentlik tərəfindən, eyni zamanda yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılması, əmək bazarının tələblərinə uyğun peşə seçiminə dəstək məqsədilə Peşələr Festivalı keçirilib: “Ölkənin 10 rayon və şəhərini əhatə edən festival çərçivəsində 29,7 mindən çox iştirakçıya qeyd olunan istiqamətlərdə məlumatlar verilib”.