Press "Enter" to skip to content

Vilayəti yalan deyir, o adam azərbaycanlı deyil

Məcid Cavadi

Son yeniləmə: 22 Noyabr 2022 10:00

Məcid Cavadi: Bu Vilayəti həmin adamdır ki, 20-25, hətta 30 il bundan öncə Güney Azərbaycana İran mərkəzi hakimiyyətindən heç bir dəstəyin göstərilməməsinə çağırış etmişdi

BAYRAQDAR MEDİA – “Nəzərinizə çatdırım ki, bu adam yalan deyir. O, azərbaycanlı deyil. Bunun azərbaycanlı olduğunu mən indi eşidirəm”.

Bunu İranın Ali Rəhbərinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayətinin “Mən də azərbaycanlıyam” başlığı ilə dərc edilən məqaləsinə münasibət bildirən BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Dirəniş Təşkilatının Türkiyə təmsilçisi, eyni zamanda Mərkəzi Şura üzvü olan Məcid Cavadi deyib.

BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında M.Cavadi Əli Əkbər Vilayəti haqqında digər maraqlı və olduqca vacib məlumat da verib: “Bu Vilayəti həmin adamdır ki, 20-25, hətta 30 il bundan öncə Güney Azərbaycana İran mərkəzi hakimiyyətindən heç bir dəstəyin göstərilməməsinə çağırış etmişdi. O demişdi ki, “Güney Azərbaycan gec-tez İrandan ayrılacaq. Ona görə də biz gərək bunlara (yəni Güney Azərbaycanlılara) yardım etməyək”. Yəni o, “yardım etməyək” deyəndə Güney Azərbaycana mərkəzi hakimiyyətdən sərmayə qoyulmamasını nəzərdə tuturdu. 30 il öncə, hələ bu hadisələrin heç biri baş vermədiyi halda bu cür çağırışlar edən adam nə oldu ki, birdən-birə azərbaycanlı oldu?”

“Bir məqamı da qeyd etməyi vacib bilirəm. Deməli, Livan Hizbullahının qurucusu və ilk rəhbəri Sübhi Tüfeyli var. Onun bir videosu var. Orada bu adam “mən İranın xarici işlər nazirindən soruşdum ki, siz niyə şiə azərbaycanlıları deyil, xristian erməniləri dəstəkləyirsiniz? O da mənə cavab verdi ki, Ermənistan türk dünyası ilə Türkiyənin arasında bir divardır. Biz o divarı qalınlaşdırmalıyıq. Ermənistanı dəstəkləməliyik” deyir. Xatırladım ki, S.Tüfeylinin bəhs etdiyi xarici işlər naziri məhz Vilayəti idi. Hesab edirəm ki, bizlər, o taylı, bu taylı azərbaycanlılar bunu unutmamalıyıq”, – deyə M.Cavadı əlavə edib.

Müsahibimiz deyib ki, Vilayətinin bu açıqlaması İranın necə bir acınacaqlı durumda olduğunu bir daha gözlər önünə gətirir: “İran hakimiyyəti anti-Azərbaycan siyasətin onun ziyanına olduğunu dərk edib. Ona görə da bunlar geri çəkilmək məcburiyyətində qalıblar. Çünki vəziyyətləri çox pisdir. Yanlış siyasətləri ucbatından hər tərəfdən sıxışıblar. Ölkənin daxilində isə ümumiyyətlə böyük bir etirazla baş-başa qalıblar. Eyni zamanda Güney Azərbaycanın ətrafında da formalaşan bir xətti görürlər. Bu xətlə qarşı-qarşıya gələ bilməyəcəklərini anlayırlar. Ona görə də onlar geri çəkiliblər. Amma hansının nə danışmasından asılı olmayaraq hamısı eyni bezin qırağıdırlar. Dəyişən heç nə yoxdur. Bu baxımdan onların şirin dilinə aldanmaq olmaz”.

Mission News Theme by Compete Themes.