Son yeniləmə: 22 Noyabr 2022 16:26
Robert Mobili: Ermənilər uzun illər bizim kilsələrə sahibləniblər
BAYRAQDAR MEDİA – “Udi kilsəsi Alban kilsəsinin tərkib hissəsidir. Bu, böyük bir zəngin irsdir. Qarabağda 200-ə yaxın alban kilsəsi var. Həmin kilsələrin erməni kilsələri ilə heç bir bağlantısı yoxdur”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili deyib.
O, qeyd edib ki, Qarabağ tarixən alban mədəni irsi ilə zəngin olub: “Ermənilər uzun illər bizim kilsələrə sahibləniblər. Hətta o kilsələri erməniləşdirmək üçün min oyuna baş vurublar. İndi rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi qələbəsindən sonra torpaqlarımızla yanaşı müsəlman tarixi abidələri, qədim alban mədəni irsi də azadlığına qovuşub. Təbii ki, ermənilər işğal dövründə bu məbədlərin bir qismini məhv ediblər. Yerdə qalanlara isə kənardan müdaxilə edərək, erməni kilsəsi kimi qələmə verməyə çalışıblar”.
R.Mobili deyib ki, onların bu saxtakarlığı indi də davam edir: “Ermənilər iddia edirlər ki, guya Laçında erməni kilsəsi olub, onu bərpa ediblər. Halbuki Laçında erməni kilsəsi olmayıb. Onlar belə saxtakarlıq edirlər. Bunlar hamısı alban kilsəsidir. Alban kilsəsi müstəqil kilsə olub. Onun öz irsi, öz elementləri, öz qanuni ərazisi olub. Mən tez-tez beynəlxalq konfranslarda oluram. Həmişə alban kilsəsini qəbul edən dini xadimlər var. Lakin dəhşətlidir ki, zamanında bu irsi erməni kilsəsinin tabeliyinə veriblər. Ermənilər 200 ildən çox bunu saxtalaşdırıblar. Bu gün həqiqət budur. Bunun qarşısını almaq, onların saxtakarlığını ifşa etmək üçün biz çox işləməliyik”.