Son yeniləmə: 22 Noyabr 2022 15:22
Vüqar İskəndərov: Üç həmsədrdən ikisi eyni mövqe sərgiləyirsə, deməli, onlar artıq Azərbaycan tərəfinin müharibədən sonra yaratdığı daha bir reallığı qəbul edirlər
BAYRAQDAR MEDİA – “44 günlük Vətən müharibəsindən sonra ATƏT-in Minsk Qrupunun arxivə göndərilməsi qaçılmaz idi. Çünki bu qurum ötən müddət ərzində münaqişənin həlli üçün bir addım belə irəli gedə bilməyib, yaxud getmək istəməyib”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev hələ iki il öncə, 2020-ci il dekabrın 20-də Qrupun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edərkən bu məsələyə xüsusi olaraq toxunmuşdu: “Dövlət başçısı həmin vaxt “təəssüflər olsun ki, Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk Qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk Qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir” deyə bildirmişdi. Cənab Prezidentin bu sözləri ATƏT-in Minsk Qrupunun fəaliyyətinə verilən ən doğru qiymət idi. Bundan sonra bu qrupun sakit şəkildə özünü buraxması ən doğru addım olardı”.
V.İskəndərov deyib ki, ötən iki il ərzində Fransanın və Ermənistanın yersiz inadkarlığı Minsk Qrupunun özünü buraxmasına mane oldu: “Amma Minsk Qrupunun iki həmsədr ölkəsi ABŞ və Rusiyanın sərgilədiyi mövqe zamanın yetişdiyinə dəlalət edir. Xatırladaq ki, ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı bununla bağlı maraqlı fikirlər səsləndirib. O, deyib ki, “artıq ATƏT-in Minsk Qrupunun olmadığını etiraf etməyin vaxtıdır”. F.Rikerin sözlərinə görə, Minsk Qrupu mexanizmi artıq işləmir və ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesində iki ölkə ilə birbaşa təmas yolu ilə iştirak edir. “Azərbaycan bəyan edib ki, Minsk Qrupu ilə işləməyəcək” deyən F.Riker hesab edir ki, bu mandata konsensus yolu ilə son qoymağın vaxtıdır”.
“Göründüyü kimi, ABŞ və Rusiya artıq reallıqla barışmaqdadır. Yəni Ermənistan tərəfinin hər addımbaşı sülh danışıqlarının MQ çərçivəsində davam etdirilməsinə dair çağırışlarına baxmayaraq, artıq keçmiş həmsədr ölkələrin özləri də bunun əhəmiyyətsiz olduğunu bildirirlər. Hesab edirəm ki, ermənilərin “həmsədr” adlandırdıqları F.Riker bu açıqlaması ilə ATƏT-in MQ-nun artıq tarixə qovuşduğunu bir daha təsdiqləmiş oldu. Unutmaq olmaz ki, bundan əvvəl Rusiya da Lavrovun dili ilə MQ-da iştirak etməyin mümkünsüzlüyünü bildirmişdi. Beləliklə, üç həmsədrdən ikisi eyni mövqe sərgiləyirsə, deməli, onlar artıq Azərbaycan tərəfinin müharibədən sonra yaratdığı daha bir reallığı qəbul edirlər”, – deyə deputat sonda əlavə edib.