Son yeniləmə: 22 Noyabr 2022 12:42
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi noyabrın 20-də qardaş Qazaxıstanda növbədənkənar prezident seçkisi keçirilib. Geniş tərkibli beynəlxalq müşahidə missiyalarının da izlədiyi seçki ümumilikdə normal, sakit və nəticələrə təsir edəcək pozuntular olmadan keçib. Mərkəzi Seçki Komissiyası artıq elan edib ki, hazırkı Prezident Qasım-Jomart Toqayev seçkidə iştirak edən seçicilərin ən azı 81 faizinin dəstəyini alaraq növbəti 7 il üçün mandatını təmin edib.
Onu da qeyd etmişdik ki, Q-J.Toqayevin qələbəsi bəlli olunca onu ilk təbrik edənlər qardaş türk dövlətlərinin başçıları olub. Onlar əvvəlcə öz həmkarlarına yazılı təbrik göndəriblər, ardından da zəng edərək şəxsən təbriklərini çatdırıblar.
Bu arada isə bəlli olub ki, Kuzey Kıbrıs Türk Cümhuryyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar da Qasım-Jomart Toqayevə qələbə münasibəti ilə təbrik məktubu göndərib. Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığı Uluslararası ilişkilər və diplomatiya özəl müşaviri Hüseyin Işıksal məlumat verib.
Məktubda qələbə münasibətilə Qazaxıstan Prezidentini təbirk edən E.Tatar ona və qardaş Qazaxıstan xalqına uğurlar arzu edib.
Onu da xatırladaq ki, KKTC Türk Dövlətləri Təşkilatının noyabrın 11-də Səmərqənddə keçirilən IX Zirvə Görüşündə bu quruma müşahidəçi üzv kimi qəbul edilib. Artıq türk dünyasının önəmli bir parçası olmaqla yanaşı, TDT-nin də müşahidəçi üzvü olan KKTC beynəlxalq arenada tanınmaq üçün inamlı addımlar atmaqdadır.