BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Qadınlar Assosiasiyasının (JQA) “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin davamı olaraq növbəti dəyirmi masa keçirilib. “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin ofisində baş tutan tədbirdə şəhid ailələri, qazilər və müharibə veteranları iştirak edib.
Xəbəri BAYRAQDAR MEDİA-ya noyabrın 21-də JQA-dan veriblər.
Tədbiri giriş sözü ilə açan Qalib Əliyev görüş iştirakçılarına hökumətin yürütdüyü sosial siyasət barədə məlumat verib. O, JQA-nın fəaliyyətini – sosial qruplara hüquqi yardımın təşkilini yüksək qiymətləndirib.
JQA-nın rəhbəri Sevil Yusifova dinləyiciləri Zəfərin ikinci il dönümü münasibətilə təbrik edib. O, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin milli məsələlərə həssas yanaşdığını və son illər qurumun prioritet mövzuları sırasında məhz sosial qrupların maarifləndirilməsinin olduğunu deyib.
Natiq daha sonra layihənin məqsəd və vəzifələri barədə məlumat verərək indiyə kimi görülən işlərdən danışıb. O, bildirib ki, ölkədə həyata keçirilən sosial islahatlar və sosial dəstək proqramları müharibə iştirakçılarını əhatə edir. Məhz Vətən müharibəsində əldə edilən qələbə münasibətilə Azərbaycan qanunlarından bir qisminə dəyişikliklər edilib. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədi ilə görülüb.
S.Yusifova sosial mediada rast gəlinən narazılıqlar haqqında da söhbət açıb. O, deyib ki, bir qisim insanların məlumatsızlığı, qanunvericiliklə onlara verilən hüquqlardan xəbərsiz olması cəmiyyətdə çaşqınlıq yaradan informasiyaların yayılmasına gətirib çıxarır: “Bəzi vətəndaşlar öz hüquqlarını bilməməsi səbəbindən üzləşdiyi “maneələrin” həlli yollarını sosial mediada ictimailəşdirməkdə görür. Bu və digər səbəbləri analiz etdikdə o nəticəyə gəlirik ki, toplumda həssas qrupların maarifləndirilməsi zərurəti mövcuddur. Biz hüquqi yardımların təşkili ilə cəmiyyətə töhfə verə bilərik”.
Toplantıda çıxış edən qazi Ramin Şirinov bir neçə istiqamətdə hökumətin apardığı uğurlu fəaliyyətdən, qazi və şəhid ailələrinə göstərdiyi yardımlardan, ev və maşınların təqdim olunması, torpaq sahələrinin verilməsi, xırda sahibkarlıq üçün yaradılan şəraitdən danışıb.
Dəyirmi masada iştirak edən qazi Qadir Şəkərov, Həmzə Hüseynəliyev, Emil Əhmədov, Rauf Qurbanov, Mətin Cavadov bildirib ki, “onların həm ev problemləri var, həm də işsizdirlər. Müxtəlif təşkilatlara ünvanladıqları müraciətlər həllini tapmır. Çıxış edənlər ən çox işsizlikdən əziyyət çəkdiklərini və əlillik təqaüdlərinin dayandırılmasından danışıb. Əksər müharibə iştirakçıları bəzi məmurların biganəliyindən və bəzi savadsız kadrların yarıtmazlığından da gileylənib”.
Müfəttiş Hüquq Mərkəzinin sədr müavini, “Sosial qruplara hüquqi yardımın təşkili” layihəsinin eksperti Mobil Vəkiloğlu sosial qruplara verilən güzəştlərdən, imtiyazlardan danışıb.
Hüquqşünas Azər Səfərov çıxış edərək hər bir döyüşçünün probleminin hüquqi müstəvidə həlli üçün tövsiyələrini verib, dövlətin, xalqın hər zaman qazi və şəhid ailələrinin yanında olduğunu deyib. O və M.Vəkiloğlu iştirakçıların suallarını cavablandırıb və problemlərin həlli yollarını izah ediblər.
Dəyirmi masanın sonunda “Dayaq” Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədr müavini Məcid Məmmədov təmsil olunduğu qurum adından bir sıra təkliflər verib. O, bu cür platformalarda müzakirələrin faydalı olduğunu və layihənin icra müddəti bitdikdən sonra da birgə əməkdaşlığın faydalı olacağını deyib.
Müzakirələr bitdikdən sonra şair-publisist Zərəngiz Dəmirçi Qayalı bacısı, Milli Ordunun könüllü döyüşçüsü Vəfa Dəmirçioğlunun məşəqqətli ömür yolundan danışıb, bacısına və şəhidlərə həsr etdiyi şeirləri oxuyub.