Vüqar İskəndərov: Qazaxıstanda seçicilər arasında səsverməyə böyük maraq müşahidə etdik
BAYRAQDAR MEDİA – “Noyabrın 20-də Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkisini bir çox ölkə və təşkilatlardan müşahidəcilər izlədi. Ümumi qənaətimiz budur ki, seçkilər azad, demokratik və şəffaf keçdi”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında seçkiləri izləyən Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
V.İskəndərov seçkiləri Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) müşahidə missiyasının tərkibində izləyib.
O, qeyd edib ki, seçkidən bir neçə gün öncə Qazaxıstana səfər ediblər: “Seçki ərəfəsində Qazaxıstan parlamentinin yuxarı palatası olan Senatın sədri, Parlament Məclisinin sədri, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşlərimiz oldu. Eyni zamanda prezidentliyə namizədlərlə də görüşlərimiz oldu. Görüşlər zamanı hər bir namizəd və dövlət yetkililəri seçkinin demokratik, şəffaf keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edirdi. Seçki günü də səhər saat 07:00-dan məntəqələr açıldı. Biz də həmin vaxtdan etibarən 10-dan çox məntəqədə olduq”.
V.İskəndərovun sözlərinə görə, məntəqələrdə olarkən bir daha seçkilərə yüksək səviyyədə hazırlıq görüldüyünün şahidi olublar: “Seçicilər arasında da səsverməyə böyük maraq müşahidə etdik. Havanın soyuq olmasına baxmayaq insanlar məntəqələrə gələrək səsvermədə iştirak etdilər. Noyabrın 21-də biz ilkin rəyimizi TÜRKPA adından mətbuat konfransında bəyan edəcəyik. Ümumi olaraq onu deyə bilərəm ki, seçkinin qalibi Qazaxıstan xalqı və dövlətidir. Dost qazax xalqına bundan sonra da uğurlar arzu edirəm”.
Məlumat üçün bildirək ki, Qazaxıstan qanunvericiliyinə əsasən, seçkilərin nəticələrinin elan edilməsi, seçilmiş prezidentin qeydə alınması seçkilərdən sonra 10 gündən çox olmayan müddətdə həyata keçirilir. Bu dəfə isə seçkilərə yekun vurulması və seçilmiş prezidentin qeydə alınması üçün 7 gün vaxt ayrılıb. Seçkilərin ilkin nəticələri noyabrın 21-22-də açıqlanmalıdır.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası seçicilər siyahısına səsvermə hüququna malik 11 milyon 827 mindən çox vətəndaşı daxil edib. Eyni zamanda, 53 xarici ölkədə 12 min 527 Qazaxıstan vətəndaşının səs verəcəyi gözlənilirdi.