Qəbələdə “Milli və mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu” mövzusunda regional konfrans keçirilib
BAYRAQDAR MEDİA – Noyabrın 18-də Qəbələdə “Milli-mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu” mövzusunda regional konfrans keçirilib. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə kemirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya noyabrın 21-də Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, eyni zamanda, dini icma rəhbərləri, QHT sədrləri iştirak ediblər.
Məlumata əsasən tədbiri giriş sözü ilə açan A.Cavadov Dövlət Komitəsi və tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutunun vətəndaş cəmiyyətləri institutları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini, maarifləndirici layihələrin həyata keçirildiyini vurğulayıb.
Sonra çıxış edən Ə.Pənahov tədbirin keçirilməsinin önəminə toxunaraq QHT və dini icmaların birgə fəaliyyətinin zəruriliyinə toxunub.
Çıxışında belə tədbirlərin əhəmiyyətin toxunan A.Əliyeva bir sıra mənfi təzahürlərlə mübarizədə QHT və dini icmaların əməkdaşlığı məsələsinin çox vacib məqamlardan biri olduğunu qeyd edib.
Ə.Osmanova isə dövlətin bu gün Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına, eləcə də dini icmalara xüsusi diqqət sərgilədiyini, regionlarda keçirilən bu cür konfransların bunun bariz nümunələrindən birini təşkil etdiyini bildirib.
Tədbirdə həmçinin Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili də çıxış edib. O, çıxışında Qafqaz Albaniyası irsinin həm ölkə daxilində, həm də xaricdə uğurla təbliğ olunmasında və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Tədbirə çıxış edən QHT sədrləri dini maarifləndirmə işinin artırılmasının, cəmiyyətdə radikallığa şərait yaradan halların aradan qaldırılması istiqamətində hamının səfərbər olmasının, mövcud dini sabitliyi və dini dəyərləri qoruyub saxlamağın əhəmiyyətini vurğulayıblar.
Konfransda gənclərin radikalizmdən uzaqlaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.
Məlumatda o da qeyd edilib ki, konfrans çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Yalağaclı məscidi, “Alban Udi Ocağı”, “Cotari” Alban-Udi və Müqəddəs Məryəm Ana kilsələri ziyarət edilib. Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib.