Press "Enter" to skip to content

Qardaş ölkəyə türk dövlətlərindən yüksək diqqət

Qasım-Jomart Toqayev

Son yeniləmə: 21 Noyabr 2022 20:03

BAYRAQDAR MEDİA – Noyabrın 20-də qardaş Qazaxıstan növbədənkənar prezident seçkisi keçirdi. Geniş tərkibli beynəlxalq müşahidə missiyalarının da izlədiyi seçki ümumilikdə normal, sakit və nəticələrə təsir edəcək pozuntular olmadan keçib. Mərkəzi Seçki Komissiyası artıq elan edib ki, hazırkı Prezident Qasım-Jomart Toqayev seçkidə iştirak edən seçicilərin ən azı 81 faizinin dəstəyini alaraq növbəti 7 il üçün mandatını təmin edib.

Bizim diqqətimizi isə əlavə bir ayrıntı da çəkdi. Q-J.Toqayevin qələbəsi bəlli olunca onu ilk təbrik edənlər qardaş türk dövlətlərinin başçıları oldu. Onlar əvvəlcə öz həmkarlarına yazılı təbrik göndərdilər, ardından da zəng edərək şəxsən təbriklərini çatdırdılar.

Bu xəbərin yazıldığı an üçün Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan dövlət başçılarının qardaş Qazaxıstan Prezidentini həm yazılı, həm də danışaraq təbrik etdiyi bildirilir. Bu haqda xəbəri Qazaxıstan Prezidentinin Mətbuat xidməti yayıb.

O da bildirilir ki, Q-J.Toqayev telefon söhbəti zamanı türk dövlətlərindən olan həmkarlarına diqqətə görə təşəkkür etməklə bərabər onları ölkəsinə rəsmi səfərə də dəvət edib. Bu dəvət qardaş dövlətlərin rəhbərlərinin məmnunluğuna səbəb olub.

Sevindirici bir durumdur əslində. İllərdir ona çalışırıq ki, türk dövlətlərində baş verənlərə ilk olaraq məhz türk dövlətlərindən reaksiyalar gəlsin. Əlbəttə, dünyanın hər tərəfindən reaksiyaların olması da pis deyil. Lakin hamıdan öncə biz – qardaş qardaşa diqqət göstərək, qalanları da bunu diqqətə alıb gecikməməyə çalışacaq. Qazaxıstandakı prezident seçkisi artıq yaxşı bir örnək oldu bu baxımdan.

Təbii ki, Türk Dövlətləri Təşkilatı da operativ diqqətini əsirgəməyib.

Mission News Theme by Compete Themes.